Yuxarı
    Bağlamaq

    Azərbaycanda Ay və Günəşin tam tutulmasının tarixi açıqlanıb

    Cari ilin ilk Ay tutulması aprelin 4-də müşahidə olunacaq və təbiət hadisəsi 3 saat 29 dəqiqə davam edəcək

    Bakı. 25 mart. REPORT.AZ/ "Cari ilin ilk Ay tutulması aprelin 4-də müşahidə olunacaq və təbiət hadisəsi 3 saat 29 dəqiqə davam edəcək". Bu barədə "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib.

    Onun sözlərinə görə, bu tutulma hadisəsi 2014/2015-ci illərin tetrad deyilən tsiklinin 3-cü tutulmasıdır: "Əsas tutulma təqribən 5 dəqiqə, daha dəqiq desək, 4 dəqiqə 43 saniyə davam edəcək. Proses Bakı vaxtı ilə 14.03-də başlayacaq. Maksimum tutulma isə 17.00-da gözlənilir. Ümumilikdə tutulma hadisəsi 19.58-də sona çatacaq. Burada söhbət kölgədə olan yarım tutulmadan gedir".

    Cari ilin ilk Ay tutulmasının Azərbaycanda müşahidə etməyin mümkünsüz olacağını deyən Elçin Babayev əlavə edib ki, təbiət hadisəsini insanlar əsasən Şimali və Cənubi Amerikada, eləcə də Asiya ölkələri və qismən də Avstraliya ərazisində müşahidə edə biləcəklər.

    Rəsədxana rəsmisi əlavə edib ki, bəzən bu təbiət hadisəsini "qanlı ay" adlandırırlar: "Çünki Günəş tutulmasından fərqli olaraq, Ay tutulmasında ayın səthi tünd kül rəngdən qırmızımtıl rəngə boyanır. Təbii ki, bunun da fiziki əsasları var. Yəni, bu, işıq şüalarının əlavə olaraq səpilməsi nəticəsində meydana çıxır. Ona görə də ayın səthi müşahidə olunarkən qırmızı rəngə boyanır. Bu səbəbdən də qədimdən Ay tutulması müşahidə olunarkən hansısa qorxunc hadisənin ilkin əlaməti kimi qiymətləndirirdilər. Lakin müasir dövrdə bunun səbəbi elmə və əksər insanlara məlum oldu. Ona görə də Ay tutulmasının insan orqanizminə bilavasitə təsiri yoxdur. Buna sadəcə əsrarəngiz təbiət hadisəsi kimi baxmaq olar".

    O, həmçinin qeyd edib ki, Ay tutulmasının insanlar üçün heç bir təhlükəsi yoxdur: "Bu, yalnız bəzi insanlara psixoloji təsir göstərə bilər ki, təqribən 5 dəqiqə müddətində ayın səthi qırmızımtıl rəngə boyanacaq. Odur ki, tutulma sırf astronomik hadisədir. Ona görə də burada hər hansı bir mənfi təsirdən söhbət gedə bilməz. Hətta Günəş tutulması elmi cəhətdən Ay tutulmasından daha çox informasiya verir".

    Cari il üçün növbəti ikinci Günəş və Ay tutulmalarının tarixlərini xatırladan direktor müavini əlavə edib ki, ikinci Günəş tutulması sentyabrın 13-də, ikinci Ay tutulması isə sentyabrın 28-də olacaq: "Sentyabrda baş verəcək növbəti Günəş və Ay tutulmalarının heç biri Azərbaycanda müşahidə olunmayacaq. Ümumilikdə götürdükdə isə Azərbaycanda tam tutulma 2060-cı ilin aprelin 30-da gözlənilir. O dövrə qədər baş verən tutulmalar isə qismən tutulmalar olacaq". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi