Yuxarı

Azərbaycanda müəllimlərin 44,7 faizinin 18 ildən çox təcrübəsi var

Təhsil Nazirliyi: Bakı şəhərinin ümumtəhsil məktəblərində müəllimlərin 92 faizindən çox hissəsi ali təhsillidir

Bakı. 5 iyul. REPORT.AZ/ Azərbaycanda ali təhsil müəssisələri istisna olmaqla, digər bütün təhsil ocaqlarında çalışan təhsil işçilərinin 79,1 faizini qadınlar təşkil edir. 

“Report”un məlumatına görə, bu, Təhsil Nazirliyinin illik hesabatında yer alıb.

Hesabatda qeyd olunur ki, Bakı şəhərinin ümumtəhsil məktəblərində müəllimlərin 92 faizindən çox hissəsi ali təhsillidir. Beş şəhərin (Gəncə, Mingəçevir, Naftalan, Şirvan və Sumqayıt) orta statistik göstəricisi 85,2 faiz, qalan digər rayonlarda isə 73,4 faizdir.

Naxçıvan Muxtar Respublikasında bu göstərici 95 faizdən artıq, Təhsil Nazirliyi və digər qurumlara tabe olan, eləcə də özəl məktəblərin orta göstəricisi 93,7 faizdir.

Müəllimlərin təhsil səviyyəsinə görə şəhər və rayonlar üzrə birincilik Naxçıvan MR-ə aiddir. Burada müəllimlərin 99,4 faizi ali təhsillidir. Astara rayonunda çalışan müəllimlərin isə 54,9 faizi orta ixtisas təhsilli müəllimlərdir.

Respublika üzrə ümumi müəllimlərin 44,7 faizi 18 ildən artıq təcrübəsi olanlardır. Üç ildən təcrübəsi az olanlar cəmi 7,2 faiz təşkil edir. Müəllimlərin pedaqoji təcrübəsinə görə rekord göstərici Tərtər rayonunun payına düşür. Belə ki, burada müəllimlərin 67 faizi 18 ildən artıq pedaqoji təcrübəsi olanlardır. 14 rayonda pedaqoji təcrübəsi 3 ildən az olan müəllimlərin payı 15 faizdən yüksəkdir.

Gənc müəllimlərin sayına görə ilk üçlükdə Siyəzən (27,4%), özəl məktəblər (21,2%) və Neftçala (20,1%) yer alır.

Respublika üzrə müəllimlərin orta yaş göstəricisi 45 yaşdır. Kişi müəllimlərin orta yaş göstəricisi 48, qadınlarda isə 43 yaş təşkil edir. Bakı şəhəri üzrə müəllimlərin ortalama yaş göstəricisi 48-dir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi