Azərbaycanda məktəb direktoru vəzifəsinə imtahanların nəticələri açıqlanıb

Azərbaycanda məktəb direktoru vəzifəsinə imtahanların nəticələri açıqlanıb Direktor olmaq üçün 597 vakant yerə 493 nəfər müsahibə mərhələsinə vəsiqə qazanıb
Elm və təhsil
19 Aprel , 2016 11:03
Azərbaycanda məktəb direktoru vəzifəsinə imtahanların nəticələri açıqlanıb

Bakı. 19 aprel. REPORT.AZ/ Təhsil Nazirliyində bu gün məktəb direktorlarının işə qəbulu imtahanı və Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri ilə bağlı mətbuat konfransı keçirilib.

"Report"un məlumatına görə, mətbuat konfransında çıxış edən nazirliyin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, qurumun sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul ilə bağlı keçirilən test imtahanının nəticələri məlum olub.

Onun sözlərinə görə, elektron ərizəsi təsdiq olunan 2 260 nəfərdən 1591 nəfər imtahanda iştirak edib, 597 vakant yer üçün 493 nəfər müsahibə mərhələsinə vəsiqə qazanıb: "Məktəb direktoru olmaq istəyən namizədlərin üçüncü mərhələdə-imtahanda iştirakı prosesi tam elektronlaşdırılıb. Bütün proseslər xüsusi proqram təminatı vasitəsilə həyata keçirilib. Hər namizədə 110 dəqiqə vaxt verilib. Bu vaxtın 90 dəqiqəsi sual-cavab, qalan 20 dəqiqəsi isə esse yazılması üçün nəzərdə tutulub. Esse yazmaq üçün proqram təminatı yaradılıb və namizədlər mövzuya uyğun fikirlərini kompüter vasitəsilə qeyd ediblər. İKT bilikləri zəif olan namizədlər üçün kağızda yazmaq imkanı yaradılıb".

Mətbuat konfransında həmçinin, fizika, kimya, riyaziyyat, biologiya və informatika fənləri üzrə Respublika fənn olimpiadalarının nəticələri haqqında məlumat verilib.

Nəticələr barədə danışan nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev qeyd edib ki, 16 nəfər birinci, 33 nəfər ikinci, 54 nəfər üçüncü yeri qazanıb: "Naxçıvan MR-nın şagirdlərinin nəticələri və İnformatika fənni üzrə ümumi nəticələr bu gün elan olunacaq. Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi yanvarın 17-də keçirilib. Birinci mərhələdə riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə 27 500 IX, X və XI sinif şagirdi iştirak edib. Olimpiadanın yarımfinal turunda isə 4 500-ə yaxın şagird öz bilik və bacarığını nümayiş etdirib. Fənn olimpiadalarının final mərhələsində dəqiq fənlər üzrə 271 şagird iştirak edib".

O əlavə edib ki, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi isə 22-24 apreldə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə keçiriləcək: "Bu fənlər üzrə 415 şagird öz bilik və bacarığını nümayiş etdirəcək".

Son xəbərlər

Orphus sistemi