Yuxarı
    Bağlamaq

    Azərbaycanda malyariyaya qarşı bitkilərdən yeni nəsil vaksin əldə olunub

    Akademik: Rekombinant zülalların ölkə daxilində istehsal olunub satışa çıxarılması böyük iqtisadi səmərə verəcək

    Bakı. 11 oktyabr. REPORT.AZ/ "Yüksək stabil və funksional aktiv vaksinlərin, sənaye və insan fermentlərinin, təbii qida əlavələrinin DNT əsaslı texnologiyalar vasitəsilə yaradılması və istehsalının təşkili müasir dövrün ən mühüm problemlərindəndir".

    "Report" xəbər verir ki, bunu AMEA-nın müxbir üzvü Tərlan Məmmədov “Yüksək stabil və funksional aktiv vaksinlərin, terapevtik zülalların və sənaye fermentlərinin bitki yarpaqlarında sintezini təmin edən yeni molekulyar biotexnologiya” mövzusunda elmi məruzəsində deyib.

    Onun sözlərinə görə, hazırda tibb və sənaye əhəmiyyətli rekombinant zülalların istehsalı bir neçə ekspressiya sistemləri – bakteriya, maya göbələyi, həşərat, məməli heyvanlar və s. vasitəsilə həyata keçirilir: "Son illər bitki ekspressiya sistemləri iqtisadi və təhlükəsizlik baxımından ən perspektivli olduğundan istehsalda daha çox istifadə edilir. Müəyyən hallarda sistem belə tipli zülalların istehsalına uyğun olmadıqda problemin aradan qaldırılması üçün yeni hazırlanmış molekulyar biotexnologiyadan istifadə zərurəti yaranırdı".

    T.Məmmədov bildirib ki, ilk dəfə olaraq bu texnologiyadan istifadə etməklə malyariyaya qarşı bitkilərdən uğurla sintez edilən, yüksək göstəricilərə malik yeni nəsil vaksin əldə olunub: "Alınan nəticələr patentləşdirilib. Bu texnologiya müxtəlif rekombinant və terapevtik zülalların, vaksinlərin, təbii qida əlavələrinin, eləcə də sənaye enzimlərinin sintezi üçün də geniş imkanlar yaradır".

    AMEA-nın müxbir üzvü vurğulayıb ki, rekombinant zülalların ölkə daxilində istehsal olunub satışa çıxarılması böyük iqtisadi səmərə verəcək: "İnsan və heyvanlar üçün qiymətli dərman preparatlarının bu yolla ölkə daxilində istehsalı ölkənin bu məhsullara idxaldan asılılığının azalmasına imkan yaradacaq". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi