Yuxarı

Azərbaycanda magistratura və rezidenturaya sənəd verən 27 nəfər saxta diplom təqdim edib

2014-cü ilin hesabat ili dövründə bizə müxtəlif qurumlardan daxil olan sorğularda 4 900 insan haqqında məlumat istənilib

Bakı. 11 fevral. REPORT.AZ/ "Keçən il magistratura və rezidenturaya sənəd verən 26 min nəfərdən 618-nin TQDK tərəfindən heç bir yerə qəbul olunmadığı üzə çıxıb. Belə ki, onlar müxəlif yollarla - daxili köçürmələr, bərpa, xaricdən köçürmələr vasitəsi ilə ali məktəblərdə təhsil alıblar". "Report" xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

TQDK sədri qeyd edib ki, onların arasında 27 nəfərin saxta diplom təqdim etdiyi məlum olub: "Lakin diplomlar Təhsil Nazirliyi tərəfindən verilməyib".

O, həmçinin bildirib ki, Tələbə-Məzun Dövlət Elektron Məlumat Sistemində 1992-ci ildən bu günə qədər 2 milyon 460 min 557 şəxs haqqında məlumat əks olunub: "Bu illər ərzində 23 min tələbə TQDK tərəfindən heç bir ali məktəbə qəbul olunmamış şəxslərdir. Onlar magistraturaya və ya diplom aldıqdan sonra olan qəbul imtahanlarda iştirak üçün sənəd verdikdə aşkar olunub. 2014-cü ilin hesabat ili dövründə bizə müxtəlif qurumlardan daxil olan sorğularda 4 900 insan haqqında məlumat istənilib. Onlardan 1 500-nün bizim tərəfindən heç bir yerə qəbul olunmaması aşkar olunub".

M.Abbaszadə deyib ki, keçən il ərzində dövlət qulluğu və ona bərabər statuslu imtahanlarda iştirak etmiş 7 800 şəxsdən 1 200 nəfəri ali təhsil haqqında diplom təqdim etməsinə baxmayaraq TQDK tərəfindən heç yerə qəbul olunmayıblar: "Sistem hazırda da işlək vəziyyətdədir və hesab edirik ki, ali məktəb nümayəndələrinin iştirakı ilə birgə hansısa konfrans keçirmək faydalı olardı".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi