Yuxarı
    Bağlamaq

    Azərbaycanda kosmik peyklər istehsal oluna bilər

    Milli Aerokosmik Agentliyi baş direktorunun l müavini: Kosmik sənayenin inkişafında iştirak edə biləcək mütəxəssislər hazırlanır

    Bakı. 25 noyabr. REPORT.AZ/ "Azərbaycanda kosmik sənaye sahəsi inkişaf etdikcə gələcəkdə kosmik peyklərin ölkəmizdə hazırlanacağı istisna olunmur".

    Bunu "Report"a müsahibəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktorunun l müavini, texnika elmləri doktoru, professor Tofiq Süleymanov deyib.

    Azərbaycan peyklərinin yerli mütəxəssislər tərəfindən idarə edildiyini deyən professor bildirib ki, kosmik sənaye inkişaf etdikcə yerli mütəxəssislərin kosmik sənayenin inkişafındakı iştirak payı daha da çoxalacaq və onlar bütün mərhələlərdə fəaliyyətlərini özlərinin daxili imkanları hesabına həyata keçirəcəklər.

    T.Süleymanov bu sahədə kadr hazırlığından da danışıb: "Hazırda Milli Aviasiya Akademiyasında Aerokosmik fakültə fəaliyyət göstərir. Bizim mütəxəssislər də akademiyada pedaqoji fəaliyyətə cəlb olunurlar. Mən də orada professor kimi fəaliyyət göstərirəm. Oranın təhsildə fərqlənən məzunları Milli Aerokosmik Agentliyində işə qəbul olunur, xarici ölkələrdə təşkil olunan ixtisasartırma kurslarına göndərilir. Akademiyanın digər fakültələrindən də işə cəlb olunanlar var. Bizim agentliyin nəzdində doktorantura şöbəsi fəaliyyət göstərir. Bu il dekabr ayında doktoranturaya qəbul imtahanları keçiriləcək. Bu günə kimi bizim agentliyin doktoranturasında 400-500 nəfər təhsil alıblar. Onların arasında agentlikdə qalan, pedaqoji fəaliyyətlə məşğul olan, yüksək vəzifələrdə çalışanlar da var".

    Direktor müavini qeyd edib ki, texnologiyalar yeniləndikcə kadrların da inkişafına təl'bat yaranır. Onun sözlərinə görə, agentlik bu məsələni bəzi müəssisələrin xarici ölkələrin nüfuzlu kosmik mərkəzlərində təşkil olunmuş treninq kurslarda təcrübə keçməsinə şərait yaratmaq yolu ilə həll edir.

    T.Süleymanov onu da xatırladıb ki, agentlik Kosmik Məsələlər üzrə İslam Təşkilatının üzvüdür: "Təşkilatın mərkəzi ofisi Pakistanın Karaçi şəhərində yerləşir. Biz həmin təşkilatın tamhüquqlu üzvüyük. Mütəmadi olaraq hər il bir neçə nəfərin orada xüsusi təcrübə keçməsi üçün şərait yaradılır". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi