Azərbaycanda keçirilən Beynəlxalq Multikulturalizm qış məktəbi yekunlaşıb

Azərbaycanda keçirilən Beynəlxalq Multikulturalizm qış məktəbi yekunlaşıb Prezident İlham Əliyevə müraciət ünvanlanıb
Elm və təhsil
16 Fevral , 2016 10:27
Azərbaycanda keçirilən Beynəlxalq Multikulturalizm qış məktəbi yekunlaşıb

Bakı. 16 fevral. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyətə başlayan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi yekunlaşıb.

Bu barədə "Report"a BBMM-in mətbuat xidmətindən bildirilib.

Qış məktəbinin bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev bildirib ki, bu ideyanın, bu layihənin ən böyük təşəbbüskarı Prezident İlham Əliyevdir və ən böyük təşəkkür də ona düşür: "Bu günlər ərzində siz bir çox qurumlarda, nazirliklərdə oldunuz, Bakıda və Azərbaycanın bir çox şəhərlərinə səyahət etdiniz. Mən bu görüşlərin keçirilməsində xüsusi xidməti olan şəxslərə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya, burada olmayan, amma ürəyi bizimlə olan gənclər və idman naziri Azad Rəhimova, Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, Quba, Xaçmaz və Qusar şəhərlərində sizinlə vaxt keçirən, dövlət, hökumət nümayəndələrinə, ziyalılarımıza dərin təşəkkürümü bildirirəm".

O bildirib ki, qış məktəbi çərçivəsində daha maraqlı bir layihə baş tutub: ""Qardaşlaşmış məktəblər" layihəsinə bu dəfə Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri qoşuldular. İnanıram ki, gələcəkdə gənc nəslin bu nümayəndələrinin bir-biri ilə dostluğu və bir-birinə məhəbbət dolu qarşılıqlı münasibətləri həyatları boyu davam edəcək. Bu gün Azərbaycan müxtəlif millətlərin, dinlərin, irqlərin qaynayıb-qarışdığı və bir mənəvi bütövlük hiss etdiyi bir Vətənə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev gələcəyə nikbinliklə baxır və belə deyir: “Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq”. Elə buna görə də Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etdi və bütün dünyaya azərbaycanlıların mərhəmət, şəfqət, başqasının halına acıma, başqasını öz yanında görmək, başqasına xor baxmamaq kimi dərin duyğularını bütün dünyaya nümayiş etdirdi". Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan multikulturalizminin, mədəniyyətinin, tarixinin dünyaya tanıdılması baxımından Beynəlxalq Multikulturalizm qış məktəbinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Beynəlxalq Multikulturalizm qış məktəbinin uğurla başa çatması münasibətilə layihənin həm təşkilatçılarını, həm də iştirakçılarını təbrik edib.

Çıxışlardan sonra qış məktəbi iştirakçıları, eləcə də qardaşlaşmış məktəblilər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Son xəbərlər

Orphus sistemi