Bakı. 16 avqust. REPORT.AZ/ “İdarəetmə elmi və mühəndislik idarəetməsi” beynəlxalq konfransı (“ICMSEM 2016”) bu il Azərbaycanda keçiriləcək.
Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, 31 avqust–1 sentyabr tarixlərində keçiriləcək 10-cu konfransda əsasən inkişaf etmiş ölkələrdən akademik səviyyədə təmsilçilik nəzərdə tutulur.
Konfransa nümayəndələrinin qatılması gözlənilən ölkələr arasında ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Yaponiya, İspaniya, Türkiyə, Portuqaliya kimi dövlətlər var.
Konfransın təşkilatçıları Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Azərbaycan Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Neft və Sənaye Universiteti, Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universitetidir.
Qeyd edək ki, “İdarəetmə elmi və mühəndislik idarəetməsi” beynəlxalq konfransı 2007-ci ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir.
Bu il sözügedən konfransa MDB məkanında ilk dəfə olaraq, Azərbaycan ev sahibliyi edəcək.