Yuxarı

Azərbaycanda buraxılış imtahanları başlayır

Ümumilikdə 45 827 şagirdin imtahan verməsi nəzərdə tutulub

Bakı. 16 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

“Report”un xəbərinə görə, bu gün ümumilikdə 45 827 şagirdin imtahan verməsi nəzərdə tutulub. Onlardan 25530 nəfəri IX sinifin, 20297 nəfəri isə XI sinifin şagirdləridir.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15: 00-da başlayacaq.

Şagirdlər imtahana “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və ya Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, 16 yaşı aprelin30-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

Xatırladaq ki, IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 74 imtahan mərkəzi ayrılıb.

Bu gün 25 530 (Lənkəranda 2119, Astarada 1193, Masallıda 2151, Lerikdə 664, Yardımlıda 710, Cəlilabadda 2373, Biləsuvarda 1414, Şirvanda 1054, Salyanda 1521, Neftçalada 780, Hacıqabulda 760, İmişlidə 1330, Saatlıda 1039, Sabirabadda 2016, Qubada 1977, Şabranda 675, Qusarda 1093, Xaçmazda 1999, Xızıda 166, Siyəzəndə 496) nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulub.

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 74 imtahan mərkəzi ayrılıb.

Bu gün 20297 (Lənkəranda 1872, Astarada 831, Masallıda 1648, Lerikdə 478, Yardımlıda 784, Cəlilabadda 1738, Biləsuvarda 1123, Şirvanda 732, Salyanda 1227, Neftçalada 657, Hacıqabulda 612, İmişlidə 1190, Saatlıda 782, Sabirabadda 1953, Qubada 1272, Şabranda 459, Qusarda 929, Xaçmazda 1576, Xızıda 93, Siyəzəndə 341) nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulub.

İmtahanların idarə olunmasına ümumilikdə 370 imtahan rəhbəri, 4172 nəzarətçi-müəllim ayrılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi