Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin maliyyələşdirilməsinin cəmi həcmi 500 000 manat nəzərdə tutulub. Müsabiqə fizika-riyaziyyat və texnika elmləri, kimya elmləri, Yer haqqında elmlər, biologiya, tibb və aqrar elmləri, humanitar və ictimai elmlər sahələrini əhatə edən fundamental - tətbiqi, axtarış-innovasiya xarakterli və xüsusi layihələrin kiçik və orta həcmli qrantlar vasitəsilə maliyyələşdirilməsini nəzərdə tutur.
Müsabiqədə iştirak etmək üçün sənədlər noyabrın 14-dən dekabrın 29-u saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələri 2015-ci ilin birinci yarım ilində açıqlanacaq.
Müsabiqədə yalnız 35 yaşa qədər olan gənc alim və mütəxəssislər iştirak edə bilərlər. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.