Yuxarı
    Bağlamaq

    Azərbaycanda ​gələn ilin qəbul imtahanlarında fənlər üzrə açıq tipli test suallarının sayı artırılacaq

    2015-ci ilin qəbul imtahanlarında hər ixtisas qrupunda üç fənn üzrə, hər birində açıq tipli 4 ədəd test tapşırığının istifadəsi nəzərdə tutulur

    Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanda gələn ilin qəbul imtahanlarında test tapşırıqlarının sayında dəyişikliklər edilib. "Report" xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, 2015-ci ilin qəbul imtahanlarında uyğunluğu müəyyən etmək, tapşırıqların sayının 1 ədəd azaldılması və hər ixtisas qrupunda üçüncü bir fəndən açıq tipli test tapşırıqlarının istifadəsi planlaşdırılır: "2015-ci ilin qəbul imtahanlarında hər ixtisas qrupunda üç fənn üzrə hər birində 4 ədəd test tapşırığının istifadəsi nəzərdə tutulur. Cədvəldə bu fənlərin qruplar üzrə çeşidi və həmin fənlərin müvafiq qrupdakı çəki əmsalları təqdim olunur".

    TQDK sədri onu da qeyd edib ki, I ixtisas qrupunda riyaziyyat, kimya, fizika, II ixtisas qrupunda riyaziyyat, coğrafiya, ana dili, III qrupda riyaziyyat, tarix, ana dili, IV ixtisas qrupunda isə riyaziyyat, kimya, biologiya fənləri üzrə açıq tipli test tapşırıqları tətbiq olunacaq.

    O, həmçinin qeyd edib ki, imtahanın məzmunu ilə bağlı tətbiq edilən bu yenilik test bloklarının mürəkkəblik dərəcəsinə təsir etməyəcək. Sual kitabçaları formalaşdırılarkən son illərdə olduğu kimi, test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə sayları dəyişməyəcək. Bu yeniliklə bağlı “Abituriyent” jurnalının 1-ci sayında model testlər dərc olunacaq.

    Qeyd edək ki, TQDK ali təhsil müəssisələrinə qəbul imtahanlarında 4 ildir ki, açıq tipli test tapşırıqları tətbiq edilir. Qəbul imtahanlarında hesablama, seçim, ardıcıllıq və uyğunluğu müəyyən etmək formalı 5 açıq tipli test tapşırığından istifadə olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi