Azərbaycanda fənn olimpiadaları başlayır

Azərbaycanda fənn olimpiadaları başlayır 27 500-dən çox şagirdin iştirak edəcəyi yarışda şagirdlər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər
Elm və təhsil
14 Yanvar , 2016 16:21
Azərbaycanda fənn olimpiadaları başlayır

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycanda fənn olimpiadaları başlayır. Bu barədə "Report"a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, yanvarın 17-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsi keçiriləcək. 27 500-dən çox şagirdin iştirak edəcəyi bu bilik yarışında şagirdlər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, Azərbaycan dili və ədəbiyyat və coğrafiya fənləri üzrə IX, X və XI sinif məktəblilələri arasında keçirilir. Şagirdlərə təqdim olunacaq tapşırıqlar fənn kurikulumuna uyğun olaraq, qapalı test formatında hazırlanıb. 30-40 sualdan ibarət olan imtahanda şagirdlərə cavablandırma üçün maksimum 3 saat vaxt verilir.

Rayon (şəhər) mərhələsinin nəticələri ən geci yanvarın 27-dək Respublika təşkilat komitəsi tərəfindən elan ediləcək. Nəticələrə əsasən hər fəndən və hər sinifdən ən azı 60 faiz nəticə toplayan ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaq.

İnformatika fənni üzrə rayon (şəhər) mərhələsində iştirak etmək istəyən şagirdlər www.informatika.edu.az internet səhifəsində qeydiyyatdan keçərək online müsabiqədə iştirak edəcəklər. Rayon (şəhər) mərhələsinin informatika fənni üzrə tapşırıqları qeyd olunan saytda 17 yanvar 2016-cı il tarixində saat 10:00-dan etibarən nümayiş etdiriləcək.

Son xəbərlər

Orphus sistemi