Yuxarı

Elmi ekspedisiyaların təşkili və aparılması qaydaları müəyyən edilib

Qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb

Bakı. 6 avqust. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

"Report" xəbər verir ki, qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Qərarda bildirilir:

1. “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasında elmi ekspedisiyalar və çöl işlərinin aparılması xərcləri dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Milli Elmlər Akademiyası və digər qurumlar üçün nəzərdə tutulan müvafiq vəsaitlər hesabına təmin edilir.

3. “Arxeoloji ekspedisiyaların həyata keçirilməsi üzrə xərc normaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2008-ci il 22 avqust tarixli 196 nömrəli qərarı ləğv edilsin.

Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması

QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrasına dair Tədbirlər Planı”nın 16-cı hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması qaydalarını müəyyən edir.

1.2. Elmi ekspedisiya (bundan sonra - ekspedisiya) – ali təhsil və elm müəssisələrində (bundan sonra - elmi müəssisə) rəsmi işçi qrupları tərəfindən yaradılan, müəssisənin yerləşdiyi ərazidən kənar, çöl və ya marşrut şəraitində elmi tədqiqat və eksperimental işlərin aparılması formasıdır.

1.3. Fəaliyyət ərazisinə və subyektlərinə görə ekspedisiyaların növləri aşağıdakılardır:

1.3.1. ölkədaxili elmi ekspedisiya – elmi müəssisə tərəfindən ölkə daxilində aparılan ekspedisiya;

1.3.2. xarici elmi ekspedisiya – elmi müəssisə tərəfindən xarici ölkə ərazisində aparılan ekspedisiya;

1.3.3. beynəlxalq elmi ekspedisiya – elmi müəssisə ilə yanaşı, bir və ya bir neçə xarici ölkənin elmi müəssisələrinin nümayəndələrinin iştirakı ilə aparılan ekspedisiya;

1.3.4. idarələrarası elmi ekspedisiya – elmi müəssisə ilə yanaşı, digər qurumların əməkdaşlarının iştirakı ilə aparılan ekspedisiya;

1.3.5. elmi müəssisə və təşkilat tərəfindən aparılan elmi ekspedisiya – iki və ya daha artıq elmi müəssisənin iştirakı ilə aparılan ekspedisiya.

1.4. Elmi fəaliyyət istiqamətlərinə görə aşağıdakı ekspedisiyalar ola bilər: geoloji, geodinamik, geofiziki, seysmoloji, vulkanoloji, geokimyəvi, coğrafi, okeanoloji və dəniz hidrogeoloji, arxeoloji, paleontoloji, etnoqrafik, bioloji, zooloji, dilçilik və folklor.

1.5. İş şəraiti və yerinə görə ekspedisiyalar suda və quruda aparılan ekspedisiyalara bölünür.

1.6. Ekspedisiyaların tərkibi elmi müəssisə rəhbərinin müvafiq əmrinə əsasən müəyyən edilir.

1.7. Ekspedisiya və qrup rəhbərləri elmi müəssisə tərəfindən təsdiq edilmiş vəzifə təlimatına və bu Qaydalara əsasən məsuliyyət daşıyırlar.

1.8. Ekspedisiya rəhbəri maddi-məsul şəxs kimi ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsinə və avadanlıqların qorunub saxlanmasına cavabdehdir.

2. Ekspedisiyaların təşkilinin əsasları

2.1. Elmi müəssisə tərəfindən təşkil edilən ekspedisiyalar elmi müəssisə rəhbərinin əmri əsasında yaradılır. Bu əmrlə ekspedisiyanın elmi məqsədi, ekspedisiyanın rəhbəri, ekspedisiyanın tərkibi, görüləcək işlərin planı və smeta xərcləri təsdiq edilir. Ekspedisiyanın fəaliyyəti 1 aydan çox davam edərsə, ekspedisiya yenidən yaradılır və smeta xərcləri hər ay yenidən təsdiq edilir.

2.2. Ekspedisiyanın heyət üzvlərinin yuxarı say həddi 15 nəfər müəyyən edilir.

2.3. Bir ekspedisiyanın fəaliyyət müddəti ən çox 30 (otuz) gün nəzərdə tutulur.

2.4. İşçilərin ekspedisiyaya göndərilməsi elmi müəssisə rəhbəri tərəfindən verilmiş əmr və ya sərəncamla onların peşəkarlığı, işgüzar və şəxsi keyfiyyətləri nəzərə alınmaqla rəsmiləşdirilir.

2.5. Zərurət yarandıqda, ekspedisiyanın rəhbəri kənardan vətəndaşları mülki-hüquqi müqaviləyə əsasən işə cəlb edir.

2.6. Elmi müəssisənin ştat cədvəli üzrə işçilərinin, həmçinin doktorantlarının ekspedisiyada işə cəlb edildiyi müddətdə iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla, onlara tam əməkhaqqı ödənilir. Elmi müəssisənin ştat cədvəli üzrə işçilərinin, gənc alim və doktorantlarının ekspedisiyada iştirakı üçün göndəriş elmi müəssisənin rəhbəri tərəfindən verilir.

2.7. Beynəlxalq ekspedisiyalar elmi müəssisənin tabe olduğu yuxarı təşkilatlar tərəfindən dövlət büdcəsində bu məqsəd üçün ayrılmış vəsait nəzərə alınmaqla ildə bir dəfə qəbul etdiyi müvafiq qərarlar əsasında (ildə 2 dəfədən çox olmamaqla) təşkil olunur.

2.8. Ekspedisiya iştirakçıları çöl, meşə, dağ, çay ərazisində və digər şəraitlərdə aparılan elmi ekspedisiya işləri zamanı bütün təhlükəsizlik qaydalarına əməl etməlidirlər.

2.9. Ekspedisiyanın şəxsi heyəti aşağıdakı işçilərdən təşkil oluna bilər:

2.9.1. təşkilatın ştat cədvəli üzrə elmi işçilərindən, doktorant və digər kateqoriyalı əməkdaşlarından;

2.9.2. digər elmi müəssisə və qurumların ştat cədvəli üzrə doktorant və elmi işçilərindən;

2.9.3. mülki-hüquqi müqavilə əsasında işə götürülən işçilərdən (bu işçilərin sayı 3 nəfərdən çox olmamaqla).

3. Ekspedisiyaların maliyyələşdirilməsi üzrə xərclər

3.1. Ekspedisiyalar elmi müəssisənin bu məqsədlə ayrılmış və təsdiq edilmiş illik xərcləri nəzərə alınaraq maliyyələşdirilir.

3.2. Sifariş əsasında olan ekspedisiya üzrə aparılan elmi tədqiqat işlərinin maliyyələşdirilməsi müqavilə əsasında sifarişçi tərəfindən həyata keçirilir.

3.3. Elmi müəssisə tərəfindən ekspedisiya üzrə aparılan elmi tədqiqat işlərinin xərclər smetası müəssisənin illik xərclər limiti nəzərə alınmaqla, elmi işlər üzrə müavinlə razılaşdırılır və elmi müəssisənin rəhbəri tərəfindən təsdiq edilir.

3.4. Məqsədli vəsait ayırmalarından maliyyələşən ekspedisiya üzrə xərclər smetası təşkilatçı müəssisə tərəfindən işlənilib hazırlanır, maliyyə-iqtisad və mühasibat uçotu şöbəsi ilə razılaşdırılmaqla elmi müəssisənin rəhbərliyi tərəfindən təsdiq edilir.

3.5. Ekspedisiya üzrə xərclər smetasında ekspedisiyanın tam adı, qrupların sayı və heyətin tərkibi, elmi tədqiqat işlərinin aparıldığı yer, işlərin həcmi, aparılma müddəti göstərilməli və ekspedisiya xərcləri dövlət büdcəsinin iqtisadi təsnifatına uyğun olaraq əks etdirilməlidir.

3.6. Ekspedisiya aparan müəssisədə tələb olunan mütəxəssis olmadıqda və onu digər nazirlik, yaxud təşkilatdan dəvət etdikdə, ekspedisiya təşkilatçısı mütəxəssislə bağladığı mülki-hüquqi müqaviləyə əsasən bütün xərcləri öhdəsinə götürür.

3.7. Smeta üzrə bütün xərclər təsdiq edilmiş sənədlərlə əsaslandırılmalıdır.

3.8. Elmi müəssisə tərəfindən elmi ekspedisiyalara göndərilən işçilərin gediş-gəliş xərcləri təsdiqedici sənədlər əsasında ödənilir.

3.9. Elmi müəssisə tərəfindən elmi ekspedisiyalara göndərilən işçilərə (kənardan cəlb edilən işçilər daxil olmaqla) çöl işlərinin aparılması ilə bağlı xərclər, habelə ekspedisiya zamanı nəqliyyat vasitələri üçün yanacaq, sürtkü materiallarının alınması və icarə xidmətləri ilə bağlı xərclər bu Qaydalara əlavə olunmuş xərc normalarına uyğun olaraq ödənilir.

3.10. Çöl işləri aparılan yer ən yaxın yaşayış məntəqəsinə 5 km-dək olduqda ekspedisiya dəstələri və ya qrupları tərəfindən baza, anbar və digər vasitələrin icarəyə götürülməsinə yol verilir.

4. Ekspedisiya rəhbərinin görülmüş işlər barədə hesabatı

4.1. Ekspedisiya rəhbəri və ya onun müavini ekspedisiya işləri sona çatdıqdan sonra 10 (on) iş günü müddətində elmi müəssisənin mühasibatlığına görülmüş işlər barədə hesabat verir.

4.2. Görülmüş işlər barədə qoşma sənədlərin xronoloji siyahısı hesabat blankında qeyd edilir.

4.3. Görülmüş işlər barədə hesabata tam və düzgün tərtib edilmiş müvafiq təsdiqedici sənədlər əlavə olunur.

4.4. Görülmüş işlər barədə hesabat yekunlaşdırılaraq təhlil edilir və müvafiq təşkilatlara təqdim olunur.

4.5. Ekspedisiya işləri sona çatdıqdan sonra 3 (üç) iş günü müddətində ekspedisiya rəhbəri istifadə olunmuş avadanlıq, əşya və inventarın elmi müəssisəyə geri qaytarılmasını təmin edir.

5. Ekspedisiya zamanı tətbiq edilən təhlükəsizlik qaydaları

5.1. Təhlükəsizlik qaydaları ilə bağlı tələblər

5.1.1. Çöl şəraitində aparılan ekspedisiya işləri zamanı təhlükəsiz iş şəraitini təmin etmək üçün təhlükəsizlik qaydaları tətbiq edilir. Təhlükəsizlik qaydaları, həmçinin geoloji-kəşfiyyat və axtarış işləri zamanı da tətbiq edilir.

5.1.2. Təhlükəsizlik qaydaları ekspedisiya aparan və ya ekspedisiyaların təşkili ilə məşğul olan bütün elmi müəssisələrə və onların struktur bölmələrinə şamil edilir.

5.1.3. Bu Qaydalara riayət olunmasına nəzarəti ekspedisiya aparan elmi müəssisənin rəhbərliyi, ekspedisiyanın rəhbəri və elmi müəssisənin strukturuna daxil olan müvafiq elmi bölmənin rəhbəri həyata keçirir.

5.1.4. Çöl şəraitində aparılan ekspedisiya işləri çöl şəraitində ekspedisiya işlərinin keçirilməsi proqramına (planına) uyğun olmalıdır.

5.1.5. Çöl şəraitində aparılan ekspedisiyada iştirak edən əməkdaşlar (işçilər) ixtisaslarına və işləyəcəkləri iş şəraitinə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrində məcburi tibbi müayinədən keçməlidirlər. Ekspedisiyada iştirak edən əməkdaşların (işçilərin) çöl şəraitində işləməyə yararlı və ya yararsız olması səhiyyə müəssisəsinin verdiyi arayış əsasında müəyyən edilir. Sağlamlığı ekspedisiyanın iş şəraitinə uyğun olmayan şəxslər çöl şəraitində aparılan elmi ekspedisiyalara cəlb edilmirlər.

5.1.6. Təhlükəsizlik qaydalarını pozmuş və ya çöl şəraitində aparılan ekspedisiyanın rəhbərlərinin göstərişlərini dəfələrlə yerinə yetirməyən şəxslər, bir qayda olaraq, ekspedisiya işlərinə buraxılmırlar.

5.1.7. Dənizdə, çayda və göldə işləyən ekspedisiya dəstəsinin (qrupunun) əməkdaşları dəniz donanmasının mövcud tibbi müayinə təlimatına uyğun olaraq tibbi müayinədən keçməlidirlər.

5.1.8. Ekspedisiyalara 18 yaşdan aşağı olan şəxslər cəlb edilmirlər.

5.1.9. Ekspedisiya dəstəsinin (qrupunun) bütün əməkdaşları çöl şəraitində işə başlamazdan əvvəl işlədikləri sahənin başlıca xüsusiyyətlərini, baş verə biləcək mümkün təhlükələri və peşəkar iş üsullarını bilməli, həmin sahəyə aid spesifik işləri (üzgüçülük, avarçəkmə, alpinist ləvazimatlarından istifadə, at çapmaq), həmçinin ilkin tibbi yardım göstərməyi bacarmalıdırlar.

5.1.10. Çöl şəraitində ekspedisiya rəhbərləri müvafiq ixtisas üzrə ali təhsil almış və ekspedisiya şəraitində 3 (üç) ildən az olmayaraq işləmiş şəxslər ola bilərlər.

5.1.11. Rəhbərliyin və mühəndis-texniki personalın biliyinin bu Qaydalar üzrə yoxlanılması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 64-67-ci maddələrinə uyğun olaraq elmi müəssisənin attestasiya komissiyası tərəfindən həyata keçirilir. Mühəndis-texniki işçilər işə yenidən qəbul edildikdə, həmçinin gənc mütəxəssislər ekspedisiyalara göndərilməzdən əvvəl bu Qaydalar üzrə imtahan verirlər.

5.1.12. Mexanizmlərin idarə edilməsi, həmçinin mühərrik, kompressor, elektrik qurğuları, qaz-elektrik qaynağı və digər avadanlıqların istismarı bu sahələr üzrə mütəxəssislər tərəfindən aparılır. Mexanizm və avadanlıqların istismarının bu sahə üzrə mütəxəssis olmayan şəxslərə həvalə edilməsi qəti qadağandır.

5.1.13. Çöl şəraitində işləyən ekspedisiya və dəstə üzvləri yeni ləvazimatlarla, elmi müəssisənin siyahısında olan təhlükəsizlik və əməyin mühafizəsinə uyğun texniki vasitələrlə təmin olunurlar.

5.1.14. Çöl şəraitində görüləcək işlər üçün lazımi əmlakın qəbul edilməsi (istismarı) zamanı onun keyfiyyət və yararlılığı təminat tələblərinə uyğun yoxlanılır.

5.1.15. Ekspedisiya üzvləri dərman ləvazimatları və sarğı materialları ilə, hər bir qrup isə ilkin tibbi yardım üçün dərman qutusu ilə təmin edilir.

5.1.16. Ekspedisiya, dəstə, qrup çöl işlərinə getməzdən əvvəl işə hazırlıq tədbirləri görür. İşə hazırlıq ekspedisiyanın rəhbərinin, həmkarlar təşkilatının nümayəndəsinin, təhlükəsizlik texnikası üzrə mühəndisin və müəssisə rəhbərinin imzaladığı aktla rəsmiləşdirilir.

5.1.17. Aşkar edilən bütün nöqsanlar çöl şəraitində işə başlamazdan əvvəl aradan qaldırılır. İş zamanı baş verən bədbəxt hadisələrin araşdırılması mövcud qanunvericiliyin tələblərinə uyğun aparılır.

5.1.18. Ekspedisiya rəhbərliyi ekspedisiya, intizam və təhlükəsizlik texnikası qaydalarını qəsdən pozan işçilərə qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbir görür.

5.1.19. Qəza zamanı ekspedisiyanın rəhbərliyi baş vermiş təhlükənin aradan qaldırılması və zərər çəkmiş şəxsə kömək məqsədi ilə müəyyən tədbirləri həyata keçirir, lazım gəldikdə tədqiqatı dayandırır.

5.1.20. Ekspedisiya zamanı itkin düşmüş işçilərin axtarışı elmi müəssisənin direktoru və aidiyyəti dövlət qurumlarının birgə iştirakı ilə həyata keçirilir.

5.2. Düşərgənin yaradılması

5.2.1. Düşərgə üçün yerin seçilməsi ekspedisiya, dəstə və qrupun rəisinin göstərişi ilə həyata keçirilir.

5.2.2. Düşərgəni dik, sıldırım, uçurumlu yamacın ətəyində, dərəli-təpəli yerlərdə və qurumuş çay yatağının dibində, aşağı, daşmağa meyilli və tez-tez yuyulan sahildə, çay qolunda, adada, hündür ağaclarla örtülmüş enişlərdə yerləşdirmək qəti qadağandır.

5.2.3. Düşərgə salarkən çadırın qurulması və digər yaşayış yerləri ağacların aşa biləcəyi yerlərdən kənarda olmalıdır.

5.2.4. Düşərgənin sahəsini çör-çöp və daşdan təmizləyərkəngəmiricilərin, zəhərli ilanların və həşəratların yeri (sığınacağı) ola biləcək yuva və deşiklər doldurulmalıdır. Meşə ərazisi, çəmənlik və qamışlıqda sahəni təmizləyərkən zibilin yandırılması qəti qadağandır.

5.2.5. Düşərgə çadırları külək tutmayan istiqamətdə möhkəm qurulmalı və suyun axması üçün arx qazılmalıdır. Düşərgə çadırları arasında məsafə ən azı 3,2 metr olmalıdır.

5.2.6. Dağlıq və bütün başqa sahələrdə qış və payız fəsillərində çadırlar istiliklə təmin edilməli, çadırlarda qızdırıcı cihazlar (odun sobası, kerosin sobası və s.) olmalıdır. Qızdırıcı cihazlar qığılcımtutanla təchiz edilməli, çıxış boruları örtülü olmalı və ya qoruyucu hörgü ilə təmin edilməlidir. Çadırlarda şamları, yanacaqla işləyən lampaları və qızdırıcı sobaları yanan vəziyyətdə qoyub çadırın tərk edilməsinə yol verilmir.

5.2.7. Həşərat çox olan yerlərdə çadırlar tənziflə təmin edilməlidir. Zəhərli ilan və həşərat olan yerlərdə çadırın döşəməsi keçə və qoyun dəriləri ilə örtülməlidir. Çadır və ya çarpayıların ətrafında ip qoymaq tövsiyə olunur.

5.2.8. Gənə, zəhərli həşərat və ilan yayılmış ərazilərdə düşərgə yeri, çadırlar və yataq yerləri yatmazdan əvvəl yoxlanılmalıdır.

5.2.9. Çöl şəraitində çalışan bütün işçilər düşərgədə və düşərgə ərazisində (çadırlarda) sanitariya-gigiyena və təmizlik qaydalarına əməl etməlidirlər. Çöl işlərinin rəhbərləri bu qaydalara ciddi riayət olunmasını təmin edir və ona nəzarət edirlər.

5.2.10. Düşərgə su qaynatmaq və paltar yumaq üçün qablarla, həmçinin parazit əleyhinə vasitələr, vanna və ya duş üçün əşyalarla təmin edilir.

5.2.11. Düşərgədə sanitar qovşağı, kanalizasiya və zibil tökmək üçün xüsusi yerlər yaradılır və su mənbələrinə zibil tökülməsinin qarşısı alınmalıdır. Düşərgə bir yerdə uzun müddət qalarsa, həmin ərazidə sanitariya-gigiyena qaydalarına ciddi əməl olunmalıdır.

5.2.12. Düşərgədə olmayan işçilərə əvvəlcədən xəbərdarlıq edilmədən, həmçinin düşərgənin dəqiq yeri ətraflı izah edilmədən düşərgənin bir yerdən başqa yerə köçürülməsi qəti qadağandır. Düşərgədə çalışan işçilərin düşərgəni və ya iş yerini icazəsiz tərk etməsi qadağandır.

5.2.13. Bir və ya bir neçə işçi iş vaxtı naməlum səbəblərdən düşərgədə olmadıqda, dərhal axtarış elan olunmalıdır.

5.3. Marşrutların təşkili və həyata keçirilməsi

5.3.1. Çöl bölməsində çalışan bütün işçilər yola çıxmazdan əvvəl hərəkət marşrutlarının qaydaları üzrə yerli şəraitə uyğun olaraq ekspedisiya (qrup) rəhbəri tərəfindən göstəriş almalıdırlar.

5.3.2. Bir nəfər üçün elmi ekspedisiyanın təşkili qəti qadağandır.

5.3.3. Yola çıxan zaman ən təcrübəli işçi qrupunun rəhbəri təyin olunur.

5.3.4. Avadanlıqla təmin olunmadan təyin olunmuş rayona və əraziyə yola çıxmaq qadağandır.

5.3.5. Əhalisi az olan yerlərdə və ya qeyri-yaşayış məntəqələrində qrup ərzaq və su təchizatı ilə təmin edilməlidir.

5.3.6. Çöl, dağlıq, bataqlıq və məskunlaşma az olan ərazilərdə işləyən qrupun tərkibində yerli şəraitlə tanış olan bələdçinin olması məqsədəuyğun hesab edilir.

5.3.7. Marşrutda iştirak edən ekspedisiyanın tərkibində hər işçinin fərdi ilkin tibbi yardım paketi və ehtiyat üçün su keçirməyən kibrit qutusu olmalıdır.

5.3.8. Marşrutda iştirak edən ekspedisiyanın tərkibindəki hər bir işçi daha yaxşı qarşılıqlı görüntünü təmin edən parlaq şərf, köynək və xüsusi siqnallı parça ilə təmin edilməlidir ki, bunlar fövqəladə hallarda siqnal ötürücü kimi xidmət göstərə bilsin.

5.3.9. Marşrutda iştirak edən ekspedisiya üzvlərinin bir-birinə qarşılıqlı yardım göstərməsi üçün marşrut qrupunun hərəkəti sıx, yığcam olmalı və onlar arasında daimi görüntü və ya səs rabitəsi olmalıdır. Qrup iştirakçılarından hər hansı biri geri qalarsa, onunla görüntü və ya səs vasitəsilə rabitə yaratmaq mümkün olmadıqda qrup rəhbəri marşrutu dayandırmalı və geri qalan şəxsi gözləməlidir.

5.3.10. Qeyri-yaşayış məntəqələrində və boş sahələrdə marşrutlar həyata keçirilərkən, geri dönüşü asanlaşdırmaq üçün gedilən yolu ağac və ya daşlar üzərində xüsusi nişanlar qoymaqla işarələmək (geri qayıtmadıqda – qrupun axtarışını asanlaşdırmaq üçün) lazımdır.

5.3.11. Çovğun, qar, göy gurultusu, leysan, uzunmüddətli yağış, duman, qum fırtınası və digər təbii hadisələr baş verdikdə, marşrutu dayandırmaq və təhlükəsiz bir yerə sığınaraq hava şəraitinin düzəlməsini gözləmək lazımdır.

5.3.12. Marşrutlar yalnız gündüz saatlarında həyata keçirilməli və işin bitməsi elə təşkil olunmalıdır ki, qaranlıq düşməzdən əvvəl hər kəs öz düşərgəsinə geri qayıda bilsin. Gecə vaxtı hərəkət etmək qadağandır.

5.3.13. Marşrutdan kənara çıxmaq qrup rəhbərinin göstərişi əsasında ola bilər. Əgər marşrutun istiqamətində hər hansı bir dəyişiklik olarsa, gözəçarpan yerdə bu dəyişikliyin səbəbini, yeni marşrutun vaxtını və istiqamətini göstərən işarələr qoyulur.

5.3.14. Radioaktiv su mənbələrinin müəyyən olduğu sahələrdə suyun yoxlanışı həyata keçirilmədən bulaq və quyulardan su içmək qadağandır.

5.3.15. Parlaq günəş, qar və buz örtüklü sahələrdə (yüksək dağlıq, səhra və digər sahələrdə) ekspedisiya marşrutları həyata keçirilən zaman işıqdan qorunmaq üçün eynək taxmaq məcburidir.

5.3.16. Dəniz sahilində ekspedisiya marşrutları həyata keçirilərkən suvarma və qabarma zonalarında gecələmək qadağandır.

5.3.17. Əgər marşrut qrupu iki nəfərdən ibarətdirsə və onlardan biri hərəkət etmək iqtidarında deyildirsə, bu halda ikinci şəxs zərərçəkmişə kömək etməli və yoldaşını tərk etmədən xilasedici dəstəni çağırmalıdır.

5.3.18. Zərərçəkmişin müvəqqəti olaraq tərk edilməsinə yalnız müstəsna hallarda icazə verilir. Bu zaman onun tam təhlükəsiz şəraitdə xilasedici dəstəni gözləməsi təmin olunmalıdır. Xilasedici dəstəni çağırmaq üçün gedən şəxs zərərçəkmişin yerini xəritədə qeyd etməlidir.

5.3.19. Marşrutun istiqamətini itirmiş işçilər, marşrut boyunca hərəkəti dayandırmalıdırlar. Bu zaman yüksək və ya açıq yerlərdə tonqal qalamaqla tüstü yaymaq, eləcə də səs siqnallarından istifadə etmək tövsiyə edilir.

5.3.20. İtmiş şəxslərə kömək məqsədi ilə müəyyən edilmiş vaxtlarda gecə saatlarında düşərgədə siqnallar verilməlidir.

5.3.21. Əgər işçinin qrupla heç bir əlaqəsi yoxdursa və ya işçi təyin olunmuş yerə vaxtında gəlməzsə, bölmə rəisi dərhal ekspedisiya rəhbərliyini xəbərdar etməli və həmin işçinin axtarışına başlanılmalıdır.

5.3.22. Birgünlük marşrutdan qayıtmayan qrupun axtarışına ən geci 12 (on iki) saatdan, bir neçə günlük marşrutdan qayıtmayan qrupun axtarışına isə 24 (iyirmi dörd) saatdan sonra başlamaq lazımdır. Axtarış qruplarının tərkibinə bölmənin ən təcrübəli işçiləri daxil edilməlidir. Axtarış qrupları xəritə, kompas, zəruri xilasetmə vasitələri, ərzaq və kommunikasiya vasitələri ilə təmin edilməli, araşdırdıqları və hərəkət etdikləri ərazi ilə tanış olmalıdırlar.

5.3.23. Elmi müəssisənin tabe olduğu yuxarı təşkilatın və müvafiq dövlət orqanının icazəsi olmadan itmiş şəxslərin axtarışı, yalnız onların ölümü haqqında şübhəsiz dəlil əldə olunduğu təqdirdə dayandırıla bilər.

5.4. Dağ və buzlaqlarda iş

5.4.1. Dağ və buzlaqlarda iş təhlükəli olduğuna görə xüsusi diqqət və ehtiyat tələb edir. İşçilər tədqiq olunan ərazidə ekspedisiya təlimatlarından əlavə (əsas marşrutdan əvvəl), sığorta və özünüsığortalama, təhlükəsiz marşrut seçimi qaydaları ilə təcili olaraq tanış olmalıdırlar. Yüksək dağlarda aparılacaq işi planlaşdırmazdan əvvəl işçilərin iqlimə uyğunlaşması üçün onlara lazımi vaxt verilməlidir.

5.4.2. Marşrutda iştirak edən ekspedisiyanın tərkibindəki hər bir şəxsin təhlükəsizlik kəməri, əlcəyi və günəş gözlüyü olmalı, sığorta və qorumaq üçün istifadə edilən kəndir təzə olmalı, 1,200-1,500 kq gücə tab gətirməlidir.

5.4.3. Qarlı-buzlu, qayalıq və dik yamaclarda dağ çəkmələri ilə hərəkət edilməlidir.

5.4.4. Dağlarda hərəkət və iş zamanı məcburiyyət olmadıqda, daşları və möhkəm olmayan qayaları kənara çəkmək və atmaq qəti qadağandır.

5.4.5. Dik və sıldırım yamaclarda iş zamanı özünü kəndirlə sığortalamaq lazımdır. Dik yamaclara qalxan zaman qarşılıqlı yardım həyata keçirilməli və çətin hallarda mühafizə kəndirləri tətbiq edilməlidir.

5.4.6. Qayalarda hərəkət zamanı həmişə yuxarıdan daş və qar uçqununun mümkünlüyü nəzərə alınmalıdır. Belə yerlərdə, xüsusilə buz sırsırası olan, qarlı-buzlu sahələrdə, zəif divarlı və təhlükəli qayalarda möhkəm qışqırmaq və oxumaq qadağandır.

5.4.7. Örtülü yamaclarda düşmə və qalxma zamanı hərəkət uzun, ziqzaqvarı şəkildə (serpantin) olmalıdır. Birbaşa yuxarı qalxmaq qadağandır, məcburi belə hərəkət yaranarsa, maksimum sığortalanmaq lazımdır.

5.4.8. Buz çatları, gizli qar və buz mağaraları olan sahələrdə xüsusi ehtiyatla hərəkət etmək lazımdır və bunların varlığı tez-tez axan suyun səs-küyü ilə müəyyən edilə bilər. Belə hallarda təhlükəsizlik kəməri taxmaq, bir-birindən 15-20 metr məsafədə iplə bağlanmaq və alpenştok (uca dağlara çıxmaq üçün dəmir uclu əl ağacı) vasitəsilə hərəkət etmək lazımdır.

5.4.9. Stasionar düşərgənin təşkili zamanı qurğuların təhlükəsiz quraşdırılması ilə yanaşı, orada mütəmadi müşahidələr aparmaq və məişət ehtiyaclarını təmin etmək üçün şərait yaradılmalıdır.

5.4.10. Düşərgədə ehtiyat olaraq toxunulmaz xüsusi ləvazimatlar, tibbi vasitələr, siqnalizasiya vasitələri və axtarış-xilasetmə əməliyyatlarında istifadə üçün ərzaq (xüsusi fond) saxlanılmalıdır.

5.4.11. Dağ ekspedisiyasının bütün əməkdaşları dağlarda fəlakət siqnalının dəqiqədə altı dəfə (hər hansı bir şəkildə) verilməsindən xəbərdar olmalıdırlar. Təkrar siqnal bir dəqiqəlik fasilədən sonra verilir. Cavab siqnalı dəqiqədə üç dəfə verilir.

5.4.12. Buzlaq, dağ yamacları və digər yerlərdə təkrar hərəkət edən zaman (müşahidə məntəqəsi və s.) yol nişanlarını nəzərə almaq və onlara riayət etmək lazımdır.

5.5. Dərələrdə, yarğanlarda və bataqlıqlarda iş

5.5.1. Dərədə, dik, sıldırım, yamaclı yarğanlarda möhkəm yağışlardan sonra, xüsusilə yaz fəslində çalışan zaman hərəkət və yoxlamalar uçqun və sürüşmə təhlükəsi, daşların və ağacların tökülməsi riski nəzərə alınmaqla, ehtiyatla həyata keçirilir.

5.5.2. Sahil uçurumunun kənarına yaxın yerdə gəzmək qəti qadağandır.

5.5.3. Dərələr boyunca yollardan, xüsusilə sakit axınlı çay mənsəblərindən və çayın dayaz yerindən keçən zaman bataqlıq və lildən qorunmaq lazımdır.

5.5.4. Qayıqlarda ekspedisiyaların aparılması mövcud təhlükəsizlik təlimatına uyğun olmalıdır.

5.5.5. Çayın dayaz yerindən keçən zaman çayın bərəsi diqqətlə yoxlanılmalıdır. Çayın dayaz yerindən keçməyə yalnız sahillə sığortalanan zaman icazə verilir. Bunun üçün çıxış sahilində mütləq qoruma vəsaitləri olmalıdır. Bərənin seçilməsində və oranı keçməkdə məsuliyyət qrup rəhbərinin üzərinə düşür.

5.5.6. Keçid zamanı bərənin dərinliyi: axın sürəti 1m/san olarsa – 0,7m-dən, 2-3 m/san olarsa – 0,5m-dən artıq olmamalıdır. Dərin və ya yüksək axın sürətli çaylarda, habelə iri çınqıl və buzlaq daşı aparan və ya dibi daşlı olan çaylarda hərəkətə xüsusi metod və avadanlıqlardan (qoruyucu iplər, dirəklər, yerüstü körpülər, tirdən düzəldilmiş keçidlər və s.) istifadə etməklə icazə verilir.

5.5.7. Bütün hallarda təhlükəsizlik ipinin istifadəsi üçün çayın dayaz yerindən keçərkən onu köməkçi iplə (sürüşkən ilməklə) bağlamaq lazımdır. Təhlükəsizlik ipi və dirəkləri olmadan yıxılmış və əyilmiş ağacların üstü ilə çayı keçmək qəti qadağandır. Çayı yalnız ayaqqabı ilə və dirəklərin üstü ilə keçməyə icazə verilir.

5.5.8. Batmış gəminin qalıqları, üzən buz parçaları və başqa maneələr olan yerlərdə çayı keçmək qəti qadağandır.

5.5.9. Çiyinə taxılmış çantanın ipləri çayın dayaz yerindən keçərkən boşaldılmalıdır.

5.5.10. Suyun hərarəti 120C dən aşağı temperaturda olarsa, çayı ensiz hissədən keçmək məsləhət görülür.

5.5.11. Sınaqdan keçirilməmiş yolla, bataqlıq və dənizlər ətrafında hərəkət yalnız insanlar arasında ən azı 2-3 m məsafə olmaqla, dirəklər, təhlükəsizlik ipləri, “ayı pəncələri” və digər ləvazimatların məcburi istifadəsi ilə həyata keçirilməlidir.

5.5.12. Bataqlıqlardan keçərkən ağacdan uzun dirəklər hazırlamaq lazımdır. Bataqlıqlardakı qalın otlarla örtülü yerləri, habelə digər təhlükəli yerləri diqqətlə keçmək lazımdır. Bataqlıqlarda hərəkət edərkən suda gizli olan daşlardan, suya batmış ağaclardan və kötüklərdən qorunmaq lazımdır. Bataqlığa düşmüş şəxsi ip, dirək və digər xilasedici vasitələrlə çıxartmaq lazımdır.

5.6. Çöl şəraitində görüləcək işlər

5.6.1. Susuz çöllərdə işləyən dəstə (qrup) üzvləri onların sayından, işlədikləri ərazidə yerləşən quyular arasındakı məsafədən və daşınmanın mümkünlüyündən asılı olaraq su qabları (sistern, çəllək, termos və s.) ilə təmin olunmalıdırlar.

5.6.2. Marşrutdakı hər bir işçinin tutumu bir litrdən az olmayan qaynadılmış su ilə dolu fərdi termosu olmalıdır.

5.6.3. Quyu və su anbarlarının yeri xəritədə qeyd olunmalı və işləyən bütün işçilərə məlumat verilməlidir. Quyu, çuxur və digər yerlərdən çiy su içmək qadağandır. Köhnə, istifadə olunmayan quyulardan dezinfeksiya olunduqdan sonra su təchizatı mənbəyi kimi istifadə edilməsinə yol verilir.

5.6.4. Çöldə marşrutlar həyata keçirilərkən qrup rəhbəri tərəfindən müəyyən edilmiş içməli su sərfinə ciddi riayət edilməlidir.

5.6.5. Qum fırtınası zamanı hərəkət istiqamətinin itirilməsi və ya hərəkətin dayandırılması hallarında su sərfi dərhal azaldılmalıdır. Qum fırtınasından qorunmaq üçün hər bir işçinin qalın, yumşaq parçadan hazırlanmış papaqlı plaşı və kənarı bağlı eynəyi olmalıdır.

5.6.6. Günün qızmar vaxtı günəş şüalarından qorunmaq üçün papaqdan istifadə etmək lazımdır.

5.6.7. Zəhərli həşərat və ilan sancmasından qorunmaq üçün açıq ayaqqabı geyinmək, həmçinin nümunələr götürmək üçün daşı çəkiclə vurmadan çevirmək qəti qadağandır.

5.6.8. Ot və kol basmış yerlərdə gəzinti zamanı çubuqdan istifadə etmək lazımdır.

5.6.9. İlan və ya qaraqurd (zəhərli hörümçək) sancması zamanı yaraya dərhal novokain sürtülməli və zərərçəkmiş təcili olaraq yaxın tibb müəssisəsinə çatdırılmalıdır.

5.7. Meşədə iş

5.7.1. Meşəyə marşrutlar həyata keçirilərkən görmə və səs rabitəsinə xüsusi diqqət yetirilməli, meşə sahəsindəki hər bir marşrut qrupu balta ilə təmin edilməlidir.

5.7.2. Sıx kolluqlarda cığır açmaq üçün xüsusi qrup yaradılmalı, hərəkət zamanı onlarla görüntülü əlaqə saxlanılmalıdır.

5.7.3. Meşədə hərəkət zamanı zibilliklər üzərindən hərəkət etmək zərurəti yaranarsa, çürümüş ağacların üzərində yıxılmamaq üçün maksimum ehtiyatlı olmaq lazımdır.

5.7.4. Ən kiçik meşə yanğını işarəsi olarsa (yanğın iyi, meşənin heyvansız olması və eyni istiqamətdə uçan quşlar), qrup ən yaxın dərələrə və ya yarğanlara doğru hərəkət etməlidir.

5.7.5. Meşədə çalışan zaman qurumuş ağacların bilavasitə yaxınlığında olmaq qadağandır.

5.7.6. Tufan zamanı meşə talalarında tək ucalan yüksək bir ağacın altında yağışdan qorunmaq qadağandır.

5.8. Karst (torpağı asanlıqla həll olunan süxurlardan ibarət olan sahələrdə relyefin spesifik formaları) yayılmış ərazilərdə iş

5.8.1. Bütün aşkar edilmiş karst çöküntülərinin ağzı işarələrlə qeyd olunmalı, onların ən təhlükəliləri isə ən azı 1 metr hündürlükdə möhkəm materialla hasara alınmalıdır.

5.8.2. Düşərgələr karst sahəsi xaricində təşkil edilməlidir. Karstlı sahələr üzrə hərəkət zamanı müxtəlif “nəlbəkivari” və “qıfşəkilli” çökəklikləri keçmək lazımdır.

5.8.3. Mağaranın axtarılması zamanı onun xəritəsi və xüsusi avadanlıqlar (ip, ehtiyat yanacaqlı və batareyalı fənər, kibrit, qida ehtiyatları və s.) əldə edilməlidir. Əgər mağaranın xəritəsi yoxdursa, onun gözəyarı şəklini çəkmək lazımdır.

5.8.4. Mağaranın axtarılması və orada iş yalnız quyuya, çatlara və digər yerlərə yıxılmamaq, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə yaxşı işıqlandırma, təhlükəsizlik kəməri bağlamaq şərtilə ən azı iki nəfərin iştirakı ilə həyata keçirilməlidir. Eyni zamanda mağaranın girişində təhlükəsizliyi təmin etmək üçün növbətçi qoyulmalıdır.

5.8.5. Uçqun təhlükəsindən qorunmaq üçün qışqırmaq, daşı yerindən tərpətmək qadağandır.

5.8.6. Güclü yağışlar zamanı, həmçinin yağışdan dərhal sonra mağarada işləmək qadağandır.

5.8.7. Yeraltı dəhlizlərdə hərəkət zamanı möhkəm ip, kəndir kələfini aça-aça yerimək və ya divarları təbaşirlə işarələmək, keçidləri nömrələmək, çıxış istiqamətini oxlarla göstərmək lazımdır.

5.8.8. Dik yollarda aşağı və yuxarı hərəkət edərkən təhlükəsizlik kəmərindən istifadə edilməlidir.

5.8.9. Yeraltı çayların və göllərin öyrənilməsi etibarlı iplə sığortalanmış rezin qayığın köməyi ilə həyata keçirilir.

5.8.10. Hər hansı dərinlik və ya çöküntüdə (çala, çuxur, mağaralar və s.) gecələmək və ya istirahət etmək qadağandır.

5.9. Su keçidləri

5.9.1. Su maneələrindən (çay, göl və s.) keçən zaman ekspedisiya dəstəsinin üzvləri xilasetmə vasitələri ilə təmin olunmalıdırlar.

5.9.2. Qayıqdan istifadə edərkən bütün şəxslərdən xilasetmə vasitələrini, gödəkcə və ya kəmərləri geyinmək tələb olunmalıdır.

5.9.3. Çay, göl və digər su maneələri üzərindən uzunmüddətli və ya daimi keçidlər zamanı təhlükəsizlik qaydalarına nəzarət qrup rəhbərinin üzərinə düşür. Çaydan keçən bütün işçilər keçidin planı və təhlükəsizlik qaydaları ilə ətraflı tanış olmalıdırlar.

5.9.4. Səhv və ya etibarsız keçid vasitələrindən istifadə, təhlükəsizliyə zəmanət verilməyən şəraitdə güclü yağış, qar, duman, üzən buz, sulu qar, güclü külək və dalğa zamanı keçidlərdən istifadə qadağan olunur.

5.9.5. Hər hansı bir şəkildə suyu keçən zaman üzməyi bacarmayan şəxslərə xüsusi diqqət yetirilməlidir.

5.9.6. Eyni su maneəsinin tez-tez dəf edilməsi ilə bağlı işlər yerinə yetirilərkən əlverişli yerdə təhlükəsizlik texnikası dəsti (xilasedici dairə, kəmərlər və s.), kəndir və tibb ləvazimatları ilə təmin olunmuş ehtiyat avarlı qayıq işlək vəziyyətdə olmalıdır.

5.9.7. Birdəfəlik və müvəqqəti keçidlər yalnız gündüz saatlarında keçilməlidir.

5.9.8. Dayaz yerdən keçid:

5.9.8.1. çay keçidi bütün insanların, nəqliyyat və avadanlığın təhlükəsiz və əlverişli keçidini təmin etməlidir;

5.9.8.2. çay keçidi hər iki tərəfdən nişan ağacı ilə işarələnməli və keçid xəttinin eni ən azı 3 metr olmalıdır;

5.9.8.3. keçid yerini onun sistemli istifadəsi zamanı “bərə” göstəricisi ilə qeyd etmək lazımdır;

5.9.8.4. avtomobillərlə keçid zamanı çayın dibi möhkəm və hamar olmalıdır. Avtomobillərlə keçid zamanı suyun səviyyəsi karbüratorun üzərinə çıxmamalıdır;

5.9.8.5. şəlalə və digər təhlükəli maneələri qayıqlarla keçərkən, çay boyunca tros uzatmaq və sahildə təhlükəsiz yerə bağlamaq lazımdır. Qayıqlar karabinli (yaylı qarmaq) qısa iplə trosa bağlanılır və onun boyunca hərəkət edilir;

5.9.8.6. ayrı-ayrı tirlərlə keçid qadağandır, səddin gücü və ağırlığa dözümlülüyü sınaqdan keçirilməlidir. Səddin üzərindən dirəklə keçid zamanı səddin kənarına yaxın dayanmaq və kəskin hərəkətlər etmək qadağandır;

5.9.8.7. içərisində insanlar olan avtomobil, traktor və digər vasitələrlə bərəyə girmək və enmək qadağandır. Bərəyə girdikdən sonra avtomobil və traktorların mühərriklərini söndürmək, təkərlərinin altına taxta yerləşdirmək lazımdır;

5.9.8.8. avtomobili bərəyə yerləşdirərkən bərə bərabər yüklənilməlidir. Bərədə heyvan daşıyarkən onları bağlamaq lazımdır. Gecə vaxtı bərənin girişində işıq yandırılmalıdır.

5.9.9. Asma kanatlardan müvəqqəti keçid:

5.9.9.1. dar, lakin dərin və ya dalğalı axını keçmək üçün tirdən müvəqqəti keçid düzəltmək və ya sahilin hər iki tərəfində bağlanılmış asma kanatlardan istifadə etmək lazımdır;

5.9.9.2. asma keçidin olduğu ərazi qarşıdakı sahildən yüksəkdə olmalıdır. Asma keçid üçün istifadə edilən kəndir möhkəm olmalı və ağırlığa tab gətirməlidir;

5.9.9.3. dağ çaylarında tirdən və yıxılmış ağaclardan müvəqqəti keçidin qurulması zamanı çayı keçən şəxsin karabinli iplə bağlanması üçün ipdən düzəldilmiş sürahilər möhkəm dartılmalıdır. Müvəqqəti keçiddən yalnız bir-bir keçmək lazımdır.

5.10. Nəqliyyat

5.10.1. Nəqliyyat vasitələrinin texniki vəziyyəti onların təhlükəsiz istismarının təmin edilməsi və texniki istismar qaydalarına uyğun olmasıdır. Avtomobillərin istismarı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməlidir.

5.10.2. Mexaniki nəqliyyat vasitələrini idarə edən şəxslərin müvafiq nəqliyyat vasitələrinin idarə edilməsinə icazə verən sürücülük vəsiqələri olmalıdır. Sürücülük vəsiqəsi qanunvericilikdə nəzərdə tutulmuş kateqoriyalara uyğun olmayan şəxslərin nəqliyyat vasitələrini idarə etmələri qadağandır.

5.10.3. Sürücü yola çıxmazdan əvvəl yol xəritəsində istirahət yerləri və iş rejimi qeyd edilməlidir. Nasaz nəqliyyat vasitələri ilə yola çıxmaq qadağandır.

5.10.4. Qeyri-sabit hava şəraitində (buz, qar, çovğun, duman və s.) sürücü marşrutun xüsusiyyətləri barədə məlumatlandırılmalı və təhlükəsizlik tədbirləri qeyd olunan marşrut xəritələri ilə təmin edilməlidir.

5.10.5. Hərəkətin təhlükəsizliyinə xələl gətirəcək hər hansı bir nasazlıq yaranarsa, sürücü nəqliyyatı dayandırmalı və nasazlıq aradan qaldırıldıqdan sonra hərəkəti davam etdirməlidir.

5.10.6. Sürücü nəqliyyat vasitəsindəki bütün şəxslərin təhlükəsiz daşınmasına və təhlükəsizlik qaydalarına riayət edilməsinə görə məsuliyyət daşıyır.

5.10.7. İnsanların və yük avtomobillərinin daşınması zamanı sürücü ilə yanaşı, qrup rəhbərləri də təhlükəsiz daşınmanı təmin etməlidirlər. Məsul şəxslərdən biri sürücü ilə bir kabinədə, digəri isə avtomobilin banında olmalıdır.

5.10.8. Qrup rəhbərlərinin adları yol xəritəsində qeyd edilməlidir.

5.10.9. Çöldə, ucqar rayonlarda, habelə yolsuzluq şəraitində işdən əvvəl, müvəqqəti yolların istiqamətini müəyyən etmək, sürücünü radiorabitə avadanlığı, marşrut xəritələri və kompasla təmin etmək və onlardan istifadə qaydaları ilə tanış etmək vacibdir. Belə şəraitdə nəqliyyat vasitəsinin tək göndərilməsi qadağandır.

5.10.10. Yükün ən yüksək nöqtəsindən yolun səthinə qədər olan məsafə 3,8 metrdən artıq olmamalıdır.

5.10.11. Daşınan mallar düzgün yerləşdirilməli, diqqətlə bərkidilməli və ya bağlanmalıdır.

5.10.12. Sahədə, meydançada və başqa yerlərdə yükün yerinin özbaşına dəyişdirilməsi qadağandır.

5.10.13. Marşrutda sanitariya-gigiyena qaydaları aşağıdakılardır:

5.10.13.1. ekspedisiya zamanı xəstələnən, yaxud zədə alan əməkdaşın ən yaxın tibb məntəqəsinə təcili çatdırılması təmin edilməlidir;

5.10.13.2. susuz çöl şəraitində işə başlamazdan əvvəl işçilər belə şəraitdə işləmə qaydaları ilə tanış edilməlidirlər;

5.10.13.3. ekspedisiya iştirakçıları çöl şəraitində iş zamanı kompassız səmti tapmağı öyrənməlidirlər;

5.10.13.4. meşə yanğını aşkar edildikdə, mümkün olduqda yanğını söndürmək lazımdır, mümkün olmadıqda isə dərhal digər iştirakçılara və meşə gözətçisinə (meşəbəyiyə) xəbər verilməlidir.

5.10.14. Ekspedisiyanın bir yerdən başqa məntəqəyə köçməsi barədə rəhbərliyə məlumat və hesabat hazırlanıb verilməlidir.

5.11. Su nəqliyyatı

5.11.1. Su nəqliyyatının istifadəsi zamanı mövcud qanunvericiliyin tələblərinə riayət edilməlidir.

5.11.2. Avarlı qayıqlar tam yoxlanılmalı, dözümlü və lazımi avadanlıqlarla təchiz olunmalıdır.

5.11.3. Yelkənli və motorlu qayıqlarda ehtiyat avarların olması vacibdir.

5.11.4. Qayıqda dəliklərin tıxanması üçün lazımi materialların olması mütləqdir.

5.11.5. Qayıq, kater və ya yelkənli gəmi xilasedici ləvazimatlarla təmin edilməlidir.

5.11.6. Su nəqliyyatı vasitələrini yalnız bu nəqliyyat vasitələrini idarə etmək hüququ olan işçilər idarə edə bilərlər.

5.11.7. Təhlükəli dağ çaylarında yalnız səriştəli sürücülər qayığı idarə edə bilər.

5.11.8. Duman, qar çovğunu, 6 baldan yüksək külək və meşəyə gənə axıntısı zamanı qayığın idarəsi qadağan edilir.

5.11.9. Gecə qayıqla üzmək, yaxud qayıqda gecələmək qəti qadağandır.

5.11.10. Qayıqda yanacaq, yaxud partlayıcı maddələr olduğu halda, siqaret çəkmək qəti qadağandır.

5.11.11. Qayığın hərəkəti zamanı suya tullanmaq olmaz.

5.11.12. Üzgüçülük vasitələrinin və ekspedisiya iştirakçılarının qayıqda düzgün yerləşdirilməsi qaydalarına diqqət yetirilməli, qayığın yükqaldırma gücü nəzərə alınmalı, qayığın burnu boş saxlanılmalı, yükün hündürlüyü isə 20-25 sm-dən yuxarı olmamalıdır.

5.11.13. Yüklü gəmi, yaxud qayığın bortlarının hündürlüyü sakit havada su hövzəsindən ən azı 20-30 sm yuxarı olmalıdır.

5.11.14. Qayıqla üzərkən ayaq üstə dayanmaq, tullanmaq, ayaqlarını bortdan kənara sallamaq və kəskin hərəkətlər etmək qəti qadağandır.

5.11.15. Suya düşən insanı yalnız qayığın burun, yaxud arxa tərəfindən geri qaldırmaq lazımdır.

5.11.16. Sərnişinlərin minməsini və düşməsini təmin etmək üçün qayıqları sahil boyunca saxlamaq lazımdır (əgər çayın və ya gölün dərinliyi buna imkan verirsə).

5.11.17. Su hövzələrinin məlum olmayan hissələrində qayıqlar sərnişinsiz, iplər vasitəsilə hərəkət etməlidir.

5.11.18. Hava ilə doldurulmuş kiçik qayıqların hərəkətinə yalnız sakit axınlı çay və göllərdə icazə verilir.

5.11.19. Rezin qayıqlar lazımi avadanlıqlarla təchiz olunmalıdır.

5.11.20. Motorlu qayıqlarla üzmə zamanı kəskin dönmə hərəkəti etmək qəti qadağandır.

5.11.21. Güclü dalğalanma zamanı qayığın motorunu söndürərək suyun üzərinə çıxarmaq, qayığın burnunu dalğa tərəfə yönəltmək lazımdır.

5.11.22. Laqun, buxta, körfəz və boğazlarda, eni 0,5 km-dən çox olan çay və təpəli hövzələrdə azoturacaqlı kiçik qayıqlarla üzmək qadağandır.

5.11.23. Yalnız suyun axın istiqamətinə qarşı qayıqların troslara, barjlara, bərələrə yaxınlaşmasına icazə verilir.

5.11.24. Su nəqliyyatından istifadə edilən çaylarda ekspedisiya qayıqlarının onlara yaxınlaşması qadağandır.

5.11.25. Qayıqların bağlanılması zamanı əl və ayaqların zədələnməsindən qorunmaq lazımdır.

5.11.26. Qayığın kater bortuna yaxınlaşması yalnız su axınına qarşı həyata keçirilməlidir.

5.11.27. Gecə qayıqda xüsusi işıq siqnalı olmalıdır.

“Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları”na

Əlavə

Azərbaycan Respublikasında elmi ekspedisiyalar və çöl işlərinin aparılması üzrə xərc normaları

1. Elmi ekspedisiyalar və çöl işlərinin aparılması ilə bağlı xərclər

1.1. Ekspedisiya üzvlərinin çöl xərclərinin ödənilməsi: 1 günlük çöl xərci

- Ekspedisiya rəhbəri üçün 40 manat

- Rəhbərin müavini üçün 30 manat

- Dəstə rəhbəri üçün 30 manat

- Baş elmi işçi üçün 30 manat

- Böyük elmi işçi üçün 30 manat

- Elmi işçi üçün 30 manat

- Kiçik elmi işçi üçün 30 manat

- Böyük mühəndis üçün 30 manat

- Mühəndis üçün 30 manat

- Texnik üçün 30 manat

1.2. Çətin çöl şəraitində əlavə təminat haqqı

1 aylıq vəzifə maaşına əlavə*

1.2.1. Yüksək dağlıq şəraitində işlərin aparılması

Dəniz səviyyəsindən 1200 m-dən 1500 m-dək yüksəklikdə -10 faiz

Dəniz səviyyəsindən 1500 m-dən 2000 m-dək yüksəklikdə - 20 faiz

Dəniz səviyyəsindən 2000 m-dən yüksəklikdə - 30 faiz

1.2.2. Susuz ərazilərdə daimi içməli su mənbəyindən uzaqda iş sahəsinin yerləşdiyi məsafə 20 km-dən 40 km-dək məsafə -20 faiz

- 40 km və ondan çox məsafə - 40 faiz

- Fəaliyyətdə olan vulkan ərazisi -16-24 faiz

- Zəlzələ episentrləri olan ərazi - 16-24 faiz

- Yüksək radioaktiv şüalanma olan ərazi -16-24 faiz

- Malyariya və ensefalit olan ərazi - 16-24 faiz

1.2.3. Dəniz ekspedisiyaları

- Sahillə quru əlaqəsi olduqda - 40 faiz

- Quru yol əlaqəsi olmadıqda, sahildən 0,5 km-dək məsafədə - 50 faiz

- 0,5 km-dən 70 km-dək məsafədə - 65 faiz

- 70 km-dən çox məsafədə - 75 faiz

2. Mülki-hüquqi müqavilələr üzrə cəlb edilmiş işçilər (bu işçilərin sayı 3 nəfərdən çox olmamaqla)

gündəlik haqq

- Mühəndis -12 manat

- Texnik (kollektor) - 10 manat

- Fəhlə - 8 manat

3. Nəqliyyat xidməti və icarə xərcləri

Nəqliyyat vasitəsinin və digər texnikanın icarəsi (faktiki iş günündə sürücü əməyi də daxil olmaqla)

hər iş günü üçün - 12 manat

Nəqliyyat vasitəsi üçün yanacaq və sürtkü materialları xərcləri (faktiki iş günündə) -10 manat

At (ulaq, öküz) qoşqularının icarəsi (nəqliyyat vasitələrinin icarəsi olmadığı halda, faktiki iş günündə) - 20 manat

Bina və mənzillərin icarəsi

mənzil/gün

5 manat

Qeyd. * Çətin çöl şəraitində əlavə təminat haqqının hesablanması üçün aylıq vəzifə maaşına əlavənin məbləği təqvim ayı üzrə iş günlərinin sayına bölünərək faktiki ekspedisiya günlərinin sayına vurulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi