Yuxarı

Azərbaycanda doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransı başlayıb

Plenar iclasdan sonra konfrans öz işini bölmələrdə davam etdirib

Bakı. 24 may. REPORT.AZ/ Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransı başlayıb. 

"Report"un xəbərinə görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, ali təhsil müəssisələrinin rektorları, akademik və professorlar, doktorantlar və gənc tədqiqatçılar iştirak edirlər.

ADNSU-nun rektoru Mustafa Babanlı bildirib ki, hər il təşkil edilən konfrans bu dəfə Azərbaycanda “Multikulturalizm ili”nə həsr olunub: "İki gün davam edəcək kоnfransa 20 ali təhsil müəssisəsindən və AMEA-dan 650 tezis təqdim edilib. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün tanınmış alimlərin rəhbərliyi ilə 17 bölmə, o cümlədən multikulturalizm bölməsi yaradılıb. Konfransın materiallarını ADNSU nəşr edəcək və iştirakçılara verəcək".

Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, konfrans gənclərə Azərbaycanın davamlı inkişafını təmin edən elmi baxışlarını, yaratdıqları yeni nəzəriyyə və texnologiyalar haqqında fikirlərini bölüşməyə imkan verir: "Müasir cəmiyyətdə siyasi, iqtisadi və informasiya sahələrində rəqabət güclənir. Təbii resursların kəskin azaldığı və ekoloji balansın pozulduğu bir dövrdə elm və təhsilin rolu sürətlə artır".

C.Bayramov qeyd edib ki, təhsil sahəsində aparılan islahatlar yeni düşüncəli və geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəlib: "Təhsilalanların tədqiqat aparması, yeni informasiya texnologiyalarından istifadə etməsi və xarici dilləri öyrənməsi üçün geniş imkanlar yaradılıb. Ali təhsil müəssisələrində çalışan elmi-pedaqoji kadrların orta yaş göstəricilərinin yüksək olması gənc elmi kadrların hazırlanmasını qarşıda duran əsas vəzifələrdən biri kimi aktuallaşdırır".

Konfransda çıxış edənlər gənclərin elmi tədqiqatlara cəlb olunmasının vacibliyini söyləyib, son illərdə bu istiqamətdə atılan addımların təqdirəlayiq olduğunu bildiriblər.

Plenar iclasdan sonra konfrans öz işini bölmələrdə davam etdirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi