Yuxarı

Azərbaycanda dərsliklərin monitorinqinin aparılması səlahiyyətinin Təhsil Nazirliyinə verilməsi təklif olunur

Məsələyə TQDK və Təhsil Nazirliyi münasibət açıqlayıb

Bakı. 20 noyabr. REPORT.AZ/ "Dərsliklərdəki qüsurları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) araşdırmamalıdır. Komissiyanın işi dərsliklərə xüsusi imtiyazla qiymət vermək yox, sırf ali məktəblərə qəbul prosesini izləməkdir. TQDK yalnız bir qurum olaraq fikrini deyə bilər. Dərsliklərlə bağlı ancaq Təhsil Nazirliyinin tabeliyində olan Dərslikləri Qiymətləndirmə Şurası obyektiv sözünü deməlidir". Bunu "Report"a Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib.

O bildirib ki, Azərbaycanda orta təhsil müəssisələrinin dərsliklərinin standartları dəqiq və milli bazada ümumbəşəri dəyərlər səviyyəsində hazırlanmalıdır: "İndiki dərsliklərdə məntiqsizlik, elmi zəiflik, ardıcıllığın pozulması halları daha çox müşahidə olunur. Çünki dərslikləri tərtib edənlər nəzəri pedaqogikanı dəqiq bilmirlər. Praktikadan isə sadəcə təsəvvürə malikdirlər. Bu səbəbdən də dərslikləri hazırlayan insan bu sahə üzrə zəngin təcrübəyə malik olmalıdır. Bildiyimiz kimi, dərsliklərin nəşri ilə bağlı tenderlər elan edilir. Həmin tenderlərdə qalib gələn nəşriyyat evlərinin rəhbərləri də özlərini müəllif hesab edirlər. Bütün bunlara görə tenderlərdə düzəliş edilməlidir".

TDQK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə "Report"a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2012-ci il tarixli fərmanına əsasən, ümumtəhsili həyata keçirən təhsil müəssisələrində istifadə olunan dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi metodik monitorinqinin həyata keçirilməsi TQDK-ya həvalə olunub: "Fərmanın icrası ilə əlaqədar, elmi-metodiki monitorinqin həyata keçirilməsi məqsədilə, xüsusi metodologiya və meyarlar işlənib hazırlanıb və həmin sənədlər TQDK sədri tərəfindən təsdiq edilib. Eyni zamanda, dərsliklərin müzakirəsini təşkil etmək üçün bu sahədə müəyyən təcrübəsi olan, dərslik müəllifi olmayan ekspertlər seçilib".

Təhsil Nazirliyinin mətbuat xidmətindən isə "Report"un sorğusuna cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Prezidentin 19 aprel 2012-ci il tarixli Fərmanına əsasən ümumtəhsil məktəb dərsliklərinin monitorinqinin aparılması Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının səlahiyyətinə daxildir".

Nazirlikdən bildirilib ki, TQDK tərəfindən aparılan monitorinqin nəticələri əsasında formalaşan yekun rəylərdəki irad və təkliflər dərsliklər yenidən nəşr edilərkən nəzərə alınır.

"Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası isə tender (müsabiqə) yolu ilə hazırlanmış dərsliklərin əlyazmalarını qiymətləndirməklə məşğuldur" - deyə, nazirlikdən bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi