Yuxarı

Azərbaycanda aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər veriləcək

Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər

Bakı. 6 iyun. REPORT.AZ/ Azərbaycanda təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər veriləcək.

"Report"un xəbərinə görə, bu barədə Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun fəaliyyətə başlamasına və qurumun saytının istifadəyə verilməsinə həsr olunan media-brifinqdə Fondun icraçı direktoru Rüfət Mahmud məlumat verib.

Onun sözlərinə görə, Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

O bildirib ki, kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər: "Belə ki, fonda Azərbaycan vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər".

"Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış Maarifçi Tələbə Kredit Fondu dövlət ali təhsil müəssisələri–Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təsis olunub" - deyə, nazirlik rəsmisi qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi