Yuxarı
    Bağlamaq

    Azərbaycanın ali təhsil müəssisələrində elmi-tədqiqat işləri təsisçilərin vəsaitləri və qrantlar hesabına həyata keçiriləcək

    Dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb

    Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması haqqında Əsasnamə”də dəyişiklik edib.

    "Report"un xəbərinə görə, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

    Dəyişikliyə əsasən, əsasnamənin 1-ci maddənin 5-ci bəndi yeni redaksiyada verilib. Belə ki, ali təhsil müəssisəsinin elmi tədqiqat fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsi olmaqla, təsisçinin vəsaitləri, öz vəsaitləri, qrantlar, müxtəlif fondlardan alınan vəsaitlər və digər qanuni mənbələr hesabına həyata keçiriləcək. Əvvəlki bənd isə belə idi: Elmi-tədqiqatların maliyyələşdirilməsi və elmi-istehsalat fəaliyyəti aşağıdakı mənbələr hesabına aparılır:

    - ali məktəbin tabe olduğu nazirlik (idarə) tərəfindən fundamental və axtarış elmi-tədqiqatların aparılmasına dövlət büdcəsindən ayrılan vəsait;

    - təsərrüfat müqavilələri əsasında aparılan elmi-tədqiqat və təcrübə-konstruktor işlərindən alınan vəsait;

    - ali məktəbin elmi-texniki və sosial inkişaf fondlarından ayrılan vəsait.

    Bundan başqa, əsasnamənin 1.6-cı bəndinin birinci cümləsi də yenilənib. Yəni, elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələri sifarişlər əsasında birgə elmi tədqiqatlar aparmaq, layihə və proqramlar hazırlamaq, məsləhət və “Elm haqqında” qanuna uyğun olaraq digər xidmətlər göstərmək hüququna malikdirlər. Əvvəlki cümlə isə belə idi: Ali məktəblər, Azərbaycan Elmlər Akademiyasının elmi təşkilatları, başqa ali məktəblər, sahə nazirliklərinin müəssisə, təşkilat və idarələri ilə müxtəlif təşkilati formalarda, o cümlədən sahələrarası komplekslər, müvəqqəti yaradıcı kollektivlər, tədris-elmi istehsal komplekslərində müqavilələr əsasında birgə tədqiqatlar aparırlar.

    Dəyişikliyə əsasən, elmi və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi “Elm haqqında” qanuna uyğun olaraq dövlət büdcəsinin vəsaiti, elmi fəaliyyət subyektlərinin öz vəsaitləri, dövlət fondlarının vəsaitləri, kreditlər, qrantlar, ianələr və digər qanuni mənbələr hesabına həyata keçirilir.

    Ali təhsil müəssisələrində aparılan elmi-tədqiqat işlərinin nəticələri professormüəllim heyətinin vəzifələrə seçilməsində və təyin olunmasında nəzərə alınır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi