Azərbaycanda ali məktəblərdə təhsil alanların 48,8 faizini qadınlar təşkil edir

Azərbaycanda ali məktəblərdə təhsil alanların 48,8 faizini qadınlar təşkil edir Ölkədə Azərbaycan vətəndaşları ilə birgə 60 xarici ölkənin 3 932 nəfər vətəndaşı da təhsil alır
Elm və təhsil
19 Yanvar , 2016 19:51
Azərbaycanda ali məktəblərdə təhsil alanların 48,8 faizini qadınlar təşkil edir

Bakı. 19 yanvar. REPORT.AZ/ 2015-ci ildə əyani ümumi təhsil müəssisələrini bitirən 87,81 min nəfər məzundan 87,46 min nəfəri və ya 99,6 faizi tam orta təhsil haqqında attestat alıb. "Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilir. 

Hesabata əsasən, 2015/2016-cı tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 61 orta ixtisas təhsil müəssisəsində 56 427 tələbə təhsil alıb, onların üçdə iki hissəsini qadınlar təşkil edib. Azərbaycanda bakalavr və magistrlərın hazırlanmasını həyata keçirən 41 dövlət və 13 qeyri-dövlət ali təhsil müəssisəsində təhsil alanların sayı 161 234 nəfər olub ki, onların da 48,8 faizini qadınlar təşkil edir. 

Bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 60,4 faiz olub ki, onların da 86,5 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.

2015/2016-cı tədris ilinin əvvəlinə şagirdlərinin sayı 57,9 min nəfərdən artıq olan 99 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərib. Dövlət müəssisələrinin ümumi sayında məcburi köçkün uşaqlar üçün 602 əyani ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və burada 84,1 min nəfər şagird təhsil alır.

Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə 60 xarici ölkənin 3 932 nəfər vətəndaşı da təhsil alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, Türkmənistan, İraq və Çin Xalq Respublikası vətəndaşları üstünlük təşkil edir.

2015/2016-cı tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 2 998 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 64,2 faizi Bakı, 35,8 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Birləşmiş Krallıq, Almaniya, Rusiya və Kanadanın ali təhsil müəssisələrində təhsil alır.

Son xəbərlər

Orphus sistemi