Yuxarı
    Bağlamaq

    Azərbaycanda akademik elmi təhsil müəssisəsi və elmi-tədqiqat institutları yaradılacaq

    Gələcəkdə AMEA Fizika İnstitutunun bazasında dövlət akkreditasiyası ala bilən Dövlət Fizika Universiteti yaradıla bilər

    Bakı. 21 dekabr. REPORT.AZ/ "Bəzən tədqiqat universiteti ilə akademik universitet eyni hesab edilsə də, onların fəaliyyətləri fərqlidir. Çünki tədqiqat universiteti elmi-tədqiqat sahəsinə önəm verən xüsusi qurum, akademik universitet isə akademik mühitə inteqrasiya olunmuş elmi təhsil müəssisəsidir".

    "Report" xəbər verir ki, bu fikirləri Azərbaycanda Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib.

    Onun sözlərinə görə, AMEA-nın elmi mühiti ilə tam əhatə olunmuş akademik universitetin yaradılması mühüm məsələdir: "Ona görə də AMEA və Təhsil Nazirliyinin birgə qərarı ilə elmi-tədqiqat institutlarının yaradılmasını da təklif edirəm. Məsələn, gələcəkdə AMEA Fizika İnstitutunun bazasında dövlət akkreditasiyası ala bilən Dövlət Fizika Universiteti yaradıla bilər. Bu universitet Azərbaycanda fizika elminin nailiyyətləri, uğurları sahəsində işlər görə bilər".

    "Bakı Dövlət Universitetinin Elmi Şurası və AMEA Rəyasət Heyətinin qərarı ilə Riyaziyyat İnstitutu, ətraf mühitin aerokosmik məsələlərini müzakirə etmək üçün Azərkosmok birgə elmi mərkəzinin yaradılması nəzərdən keçirilə bilər. Konkret sahələr üzrə birgə fəaliyyətin yaradılmasına nail ola bilsək, müxtəlif sahələr üzrə inkişaf əldə olunar. Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat fənləri üzrə müəllimlərin təkmilləşdirilməsi kurslarının təşkili faydalı ola bilər. Bəzi akademik institutlarda elmi tədris mərkəzlərinin yaradılması mümkündür”, - deyə Akif Əlizadə əlavə edib.

    O qeyd edib ki, bəzi hallarda magistraturada dərslər bakalavrın genişləndirilmiş formasında tədris olunur: "Bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilməlidir. Yüksək texnologiyalarla bağlı ən yeni biliklərin tələbələrə tədris olunması üçün yeni effektiv mexanizmlər işlənib hazırlanmalıdır. Akademiyanın bu sahədə böyük elmi potensialı var. Yüksək texnologiyalar, nano, bio, info, nüvə texnologiyaları ilə bağlı araşdırma aparan akademik qurumların qapıları ali təhsil müəssisələrin müəllimləri ilə yanaşı, tələbələrin də üzünə açıqdır". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi