Azərbaycanda 50 minə yaxın əlil uşaq təhsildən kənar qalıb

Azərbaycanda 50 minə yaxın əlil uşaq təhsildən kənar qalıb Sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı hazırlanacaq
Elm və təhsil
13 Mart , 2015 13:31
Azərbaycanda 50 minə yaxın əlil uşaq təhsildən kənar qalıb

Bakı. 13 mart. REPORT.AZ/ "Azərbaycanda əlilliyi olan uşaqların sayı 62 000 nəfər təşkil edir. Onlardan 9 355-i evdə təhsilə, 2 725-i yardımçı internat məktəblərinə, 2 558-i yardımçı məktəblərə, 412-si qarışıq tipli internat məktəblərinin xüsusi siniflərinə, 298-i inklüziv təhsilə cəlb olunan uşaqlar, 46 652-si isə təhsildən kənar qalan əlilliyi olan uşaqlardır".

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların müdafiəsi İdarəsinin sosial işin təşkili və statistika şöbə müdiri Anar Xələfov Azərbaycan Təhsil Problemləri İnstitutunda "İnklüziv və xüsusi təhsil: reallıqlar və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, əlilliyi olan insanların təhsilə cəlb edilməsi ilə bağlı üzləşdikləri maneələrə - iqtisadi baxımdan təhsildən mənfəətin olmaması, müəllimlərin xüsusi təhsil sahəsində bacarıqların olmaması, yardımçı avadanlıqların olmaması, tədris proqramının (kurikulum) uyğun olmaması, qanunvericilikdə "İnklüziv təhsil" anlayışının olmaması daxildir.

Nazirlik rəsmisi onu da əlavə edib ki, "2015-2022-ci illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı" hazırlanması nəzərdə tutulub: "Proqrama bütün təhsil pilləri üzrə sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilə cəlb olunmasının təmin edilməsi məqsədilə mövcud qanunvericilikdə müvafiq dəyişiklərin edilməsi, sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili ilə bağlı pedaqoji kadrların hazırlanması və təkmilləşdirilməsi, inklüziv təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaradılması və digər məsələlər daxildir. Dövlət proqramının həyata keçrilməsində gözlənilən nəticələrə əsasən, bütün təhsil pillələri üzrə təhsil müəssisələrinin infrastrukturunun sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarının uyğunlaşdırılması təmin ediləcək, onların informasiya əldə etmək imkanları yaradılacaq, sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunma imkanlarının qiymətləndirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq, onların təhsil hüquqları barədə əhalinin məlumatlılıq səviyyəsi artacaq".

Son xəbərlər

Orphus sistemi