Yuxarı
    Bağlamaq

    Azərbaycana yeraltı prosesləri daha dəqiq öyrənməyə imkan verən müasir avadanlıq gətirilib

    AMEA: “Avadanlıq ətrafda baş verən və zəlzələlərə səbəb ola bilən yeraltı prosesləri daha dəqiq öyrənmək imkanı verəcək”

    Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycana yeraltı prosesləri daha dəqiq öyrənməyə imkan verən müasir elektron elmi-tədqiqat avadanlığı gətirilib. Bu barədə “Report”a AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Belə ki, Almaniya alimləri azərbaycanlı həmkarları ilə birgə Azərbaycandakı palçıq vulkanlarında tədqiqatlar apararaq geodinamik prosesləri öyrənir. Bu məqsədlə Almaniyanın Bremen Universitetinin “MARUM” adı ilə tanınan Dəniz Ətraf Mühiti üzrə Tədqiqatlar Mərkəzinin mütəxəssisləri Bakıya gəlib.

    Qurumun Dəniz geotektonikası departamentinin elmi assistenti Qoveyn Vimer və texniki mühəndisi Timo Flaşman Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) Geoloji mühitin radiometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Çingiz Əliyevlə birgə Ələtdə Daşğil palçıq vulkanında çöl işləri aparırlar. Mütəxəssislər MARUM-da hazırlanan müasir elektron elmi-tədqiqat avadanlığını vulkanın ərazisində yerləşdirərək hərarət və məsaməlilik təzyiqini ölçür.

    Ç.Əliyev qeyd edir ki, bu tip texnologiya ilə tədqiqatlar 2004-cü ildən başlayıb: “Hazırda daha geniş imkanlara malik olan bu avadanlıq hər gün 24 saat ərzində monitorinq aparacaq. O, Yer qabığında geodinamik proseslərin nəticəsində baş verən hərarət və təzyiqlərdəki dəyişiklikləri qeydə alacaq. Sonra alimlər məlumatları təhlil edəcək, ətrafda baş verən və zəlzələlərə səbəb ola bilən yeraltı prosesləri daha dəqiq öyrənmək imkanı qazanacaq”.

    Qeyd edək ki, çöl işləri 4 gün davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi