Yuxarı
    Bağlamaq

    Azərbaycan və Rusiya alimləri Qafqazın seysmik durumu ilə bağlı birgə tədqiqatlar aparacaq

    Bütün bu işlər beşillik müqavilənin icrasına dair tərtib olunmuş proqram əsasında həyata keçiriləcək

    Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycan və Rusiya alimləri Qafqazın seysmik durumu, geodinamik prosesləri, neftqazlılığı, palçıq vulkanları və ekoloji geofizikasına dair birgə tədqiqatlar aparacaq. "Report" xəbər verir ki, bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) ilə Rusiya Elmlər Akademiyasının O.Y.Şmidta adına Yer Fizikası İnstitutu (YFİ) arasında müqavilə bağlanıb.

    Əvvəlcə hər iki müəssisənin elmi-tədqiqat imkanları və təcrübələri barədə məlumat verilib. Akademik A.Əlizadə bildirib ki, ilk dəfə GGİ tərəfindən "Dünya palçıq vulkanları atlası" nəşrə hazırlanıb. Burada 42 ölkədə, habelə Xəzər, Qara və Aralıq dənizlərinin dərinliklərində, hətta Antarktidada intişar tapmış palçıq vulkanları üzrə materiallar ümumiləşdirilib, təhlil edilib. Atlasla əlaqədar tədqiqatların nəticəsində Yer kürəsində 2500-dən artıq palçıq vulkanı müəyyən edilib. Onların 350-dən çoxu Azərbaycandadır.

    YFİ-də də palçıq vulkanları üzrə geniş tədqiqatlar aparıldığını deyən qonaqlar bu sahədə əməkdaşlıq, təcrübə və məlumat mübadiləsinə maraqlarını ifadə ediblər.

    Sonra sözügedən müqavilə imzalanıb. Sənədə əsasən, GGİ və YFİ birgə ekspedisiya və laboratoriya işləri həyata keçirəcək. Tədqiqatların nəticələrinə dair elmi-praktik konfrans və seminarlar təşkil olunacaq. Qurumların elmi-tədqiqat fondları və kitabxanalarından qarşılıqlı istifadə, elmi-texniki, metodik və maddi imkanlardan müştərək nəşrlər üçün birgə yararlanmaq da müqavilədə nəzərdə tutulan məsələlərdəndir.

    İlkin mərhələdə tədqiqatlar "Qafqaz-Xəzər regionunun müasir geodinamikası, geofiziki sahəsi, yeraltı quruluşu, neftqazlılığı, palçıq vulkanizmi və seysmikliyi" və "Qafqaz regionunun müasir geodinamikası, geofiziki sahəsi, yer qabığının gərgin vəziyyəti, seysmiklik və seysmik proqnoz" mövzuları üzrə aparılacaq. Bunlardan əlavə, yerin təkindəki geofiziki proseslərin ekologiyaya təsirini öyrənmək də müqavilənin hədəflərindəndir.

    Bütün bu işlər beşillik müqavilənin icrasına dair tərtib olunmuş proqram əsasında həyata keçiriləcək.

    İmzalanma mərasimində AMEA-nın Yer Elmləri Bölməsinin rəhbəri, akademik Fəxrəddin Qədirov, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli, YFİ-nin əməkdaşı, geologiya-mineralogiya elmləri namizədi Yelena Poludetkina da iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi