Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsində tanınmış tərcüməçilərlə görüşlərə başlanılıb

Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsində tanınmış tərcüməçilərlə görüşlərə başlanılıb Tələbələrin ilk qonağı Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının Filologiya fakültəsinin dekanı Kamran Hacıyev olub
Elm və təhsil
20 Aprel , 2016 09:48
Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsində tanınmış tərcüməçilərlə görüşlərə başlanılıb

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Universiteti Humanitar fənlər fakültəsində "Tanınmış tərcüməçilərlə görüş" rubrikasına start verilib. Bu barədə "Report"a universitetin İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsindən məlumat verilib. 

Tərcümə ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulan rubrikanın məqsədi tələbələrin peşəkar inkişafının dəstəklənməsidir.

Tələbələrin ilk qonağı müasir Azərbaycan tərcüməşünaslığının ən perspektivli və istedadlı nümayəndələrindən biri, filologiya elmləri namizədi, Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının Filologiya fakültəsinin dekanı Kamran Hacıyev olub. 

Görüşün əvvəlində tələbələr qarşısında "Azərbaycanda tərcümə tarixi" mövzusunda təqdimatla çıxış edən qonaq iştirakçılara tərcüməçilərin peşəkar hazırlığı ilə bağlı öz tövsiyələrini verib. Görüşdə dilin zənginləşməsində tərcümənin rolu mövzusunda maraqlı müzakirələr aparılıb. Qonaq tələbələrin ona ünvanlanan çoxsaylı suallarını da cavablandırıb.

Humanitar fənlər fakültəsinin dekanı, filologiya elmləri namizədi Səfər Məmmədov isə "Məşhur tərcüməçilərlə görüş" rubrikası ideyasının ortaya çıxma zərurəti haqqında məlumat verərək qeyd edib ki, gənc tərcüməçilər əldə etdkləri nəzəri biliklərin praktikaya tətbiqində müxtəlif çətinliklərlə üzləşirlər: "Tərcümə sənətinin inkişafında xidmətləri olan tanınmış tərcüməçilər bu görüşlərdə öz təcrübələrini tələbələr ilə bölüşməklə onların əməli fəaliyyətinə töhfə verəcəklər. Rubrikamız, onların öz sahələrinin bilicisi kimi formalaşmalarına xidmət edəcək".

Qeyd edək ki, Kamran Hacıyev elmi fəaliyyəti ilə yanaşı, bədii və sinxron tərcümə ilə də məşğul olur. 1 monoqrafiya, 2 dərs vəsaiti, 2 metodiki vəsait, 40-dan artıq elmi məqalənin müəllifidir. Rus dilində "Müasir Azərbaycan ədəbiyyatı" antologiyası və Azərbaycan dilində "Müasir rus ədəbiyyatı" antologiyası layihələrində yer alıb.

Son xəbərlər

Orphus sistemi