Yuxarı

Azərbaycan tələbələri üçün əmək yarmarkası keçirilib

Ölkədə fəaliyyət göstərən 50-dən artıq beynəlxalq və yerli şirkət yarmarkada iştirak edib

Bakı. 23 may. REPORT.AZ/ Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyi, Azərbaycanda Amerika Ticarət Palatası, "Britiş Amerikan Tobakko" şirkətinin birgə təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan tələbələrinin əmək yarmarkası keçirilib. "Report" xəbər verir ki, yarmarkada işəgötürənləri və III-IV kurs bakalavriat, eyni zamanda magistratura səviyyəsində təhsil alan tələbələri bir araya toplamaqla iş imkanlarını araşdırmağa əlverişli şərait yaradılıb.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva, "Britiş Amerikan Tobakko" şirkətinin nümayəndəsi Zviad Şvitaridze, həmçinin 20-yə yaxın ali təhsil müəssisəsinin rəhbəri iştirak ediblər.

Yarmarkanın açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov məzunların işədüzəlmə imkanlarının artmasında mütəmadi olaraq keçirilən əmək yarmarkalarının böyük rolu olduğunu vurğulayıb: "Əmək yarmarkası Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrin beynəlxalq və yerli şirkətlərdə təcrübəyə cəlb edilməsinə, həmçinin onların işlə təmin olunma imkanlarının genişləndirilməsinə yönəlmiş tədbirlər çərçivəsində keçirilir".

Mikayıl Cabbarov bildirib ki, bu əmək yarmarkası əvvəlkilərdən fərqli qaydada təşkil olunub: "Tədbirdən əvvəl işəgötürənlərlə tələbələr arasında əlaqə yaradılıb, şirkətlər namizədlər haqqında ətraflı məlumatlandırılıb və bu günü üçün müvafiq şirkət nümayəndələri ilə görüşlər təyin olunub. İlk dəfə yaradılan bu imkanlardan bəhrələnmək üçün ölkəmizin bütün bölgələrindən 2 700-dən çox tələbə xüsusi proqram təminatı vasitəsilə şəxsi məlumatlarını daxil etməklə qeydiyyatdan keçiblər. Ölkəmizdə fəaliyyət göstərən 50-dən artıq beynəlxalq və yerli şirkət burada iştirak edir. Onlar yarmarkaya 300-dən çox vakansiya haqqında məlumatla qatılıblar".

Heydər Əliyev Mərkəzinin Aparat rəhbəri Məhəmməd Abdullayev tələbələrin işlə təmin olunmasına istiqamətlənən tədbirlərin təşkilinin vacibliyindən danışıb. O xatırladıb ki, Heydər Əliyev Fondu təhsil ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır və bu məqsədlə bir sıra layihələr, o cümlədən, "Təhsilə dəstək", "Yeniləşən Azərbaycana yeni məktəb", uşaq evləri və internat məktəblərinin inkişafına yönəlmiş layihələr həyata keçirib: "Heydər Əliyev Mərkəzi bugünədək Təhsil Nazirliyi ilə birgə bir sıra layihələr keçirib və bu tədbirlər Heydər Əliyev irsinin öyrənilməsinə və gənclər arasında geniş təbliğinə, ölkəmiz haqqında bilik və məlumatlarının artırılması, müasir dünya mədəniyyəti barəsində təsəvvürlərinin formalaşmasına yönəlib".

Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva və "Britiş Amerikan Tobakko" şirkətinin nümayəndəsi Zviad Şvitaridze çıxışlarında tədbirin əhəmiyyəti barədə danışıb.

Açılış mərasimindən sonra qonaqlar yarmarkada təqdim olunan işlər ilə tanış olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi