Azərbaycan Tələbə-Könüllülərinin II Forumu keçirilib

Azərbaycan Tələbə-Könüllülərinin II Forumu keçirilib Mikayıl Cabbarov: "Bu gün savadlı, innovativ, milli dəyərləri qorumaqla qlobal dünyaya hazır olan nəslin yetişdirilməsi ən başlıca vəzifədir"
Elm və təhsil
9 Dekabr , 2016 15:14
Azərbaycan Tələbə-Könüllülərinin II Forumu keçirilib

Bakı. 9 dekabr. REPORT.AZ/ “BİR” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr olunmuş Azərbaycan Tələbə-Könüllülərinin II Forumu keçirilib.

"Report"un məlumatına görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, beynəlxalq qurumların nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, tələbə könüllülər və media təmsilçiləri iştirak ediblər.

Forum Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra ötən il keçirilən forum və görülən işlərlə bağlı hesabat videoçarxı nümayış olunub, tələbə-könüllülərin himni səsləndirilib.

Təhsil naziri Mikayıl Cabbarov könüllülük hərəkatının inkişafı, tələbələrin ictimai həyatda fəal iştirakı baxımından forumun əhəmiyyətini nəzərə çatdırıb: "Bu gün savadlı, innovativ, milli dəyərləri qorumaqla qlobal dünyaya hazır olan nəslin yetişdirilməsi ən başlıca vəzifədir. Bu çətin və məsuliyyətli işin çox böyük hissəsi ali təhsil müəssisələrinin üzərinə düşür". O, 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında, "Formula-1" üzrə Avropa Qran-prisində və digər tədbirlərdə tələbə-könüllülərin özlərini uğurla sübut edəcəyinə inandığını və bu fəaliyyətin onların gələcək karyerasında da özünü göstərəcəyinə əmin olduğunu deyib.

Gənclər və idman naziri Azad Rəhimov, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Alessandro Frakasetti çıxış edərək ölkədə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə tələbə-könüllülərin fəal iştirakını yüksək dəyərləndirib, könüllülər hərəkatının inkişafının əhəmiyyəti qeyd ediblər.

Forum tələbə-könüllülər mükafatlandırıldıqdan sonra onların ifasında məşhur “Tələbə” mahnısının səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramı ölkəmizin mədəni və ictimai inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Hazırda 7 mindən artıq könüllü bazaya sahib olan “BİR” könüllülər Bakıda keçirilmiş Formula 1 üzrə Avropa Qran-Pri yarışlarında 1147 tələbə ilə fəal iştirak ediblər. Ötən dövr ərzində 63 müxtəlif səviyyəli tədbirləri müşayiət etmiş könüllülər ölkənin 6 regionunda, 17 təhsil müəssisəsində təmsil olunublar.

Son xəbərlər

Orphus sistemi