Yuxarı

Azərbaycan Tarixi Muzeyinə e.ə. I minilliyə aid olan materiallar təhvil verilib

Küp qəbir əşyaları Son Tunc dövrü mədəniyyətinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir

Bakı. 18 sentyabr. REPORT.AZ/ Milli Azərbaycan Tarixi Muzeyinə e.ə. I minilliyə aid olan materiallar təhvil verilib. Bu barədə "Report"a Muzeyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Şəmkir rayon ərazisinin İlyastəpə abidəsindən tapılan Küp qəbir əşyaları e.ə. I minilliyin ortalarına aiddir: "Son tunc dövrünü əhatə edən bu arxeoloji materiallar – qızıl və gümüş üzük, qızıl sırğa, xalsedon daşa bərkidilmiş qızıldan bəzək zinət əşyası, ağ pastadan muncuqlar, tunc sancaq, tunc bilərziyin bir hissəsi, göz muncuqları, misdən üzük qalıqları, gil möhür və s.-dən ibarətdir.

Qərbi Azərbaycandan aşkar olunan bu kimi arxeoloji abidələr Son Tunc dövrü mədəniyyətinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. Muzeyin arxeoloqları da həmin tapıntıların regional xüsusiyyətlərini aydınlaşdırmaq və geniş nəticələr çıxarmaq üçün tədqiqat işlərinə başlayıblar".

Qeyd edək ki, qazıntı avqust ayında görkəmli arxeoloq-alim İlyas Babayevin rəhbərliyi ilə aparılıb. Qazıntı zamanı müxtəlif bəzək əşyaları əldə edilib.

Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilən materiallar bərpaya ehtiyacı olduğundan, Muzeyin bərpa laboratoriyasına təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi