Azərbaycan Tarix Muzeyinə Böyük Vətən Müharibəsi dövrünə aid eksponat təhvil verilib

Azərbaycan Tarix Muzeyinə Böyük Vətən Müharibəsi dövrünə aid eksponat təhvil verilib Muzeyə Sambek təpələrindəki "Şöhrət Memorialı"nın əks olunduğu fotoşəkil də hədiyyə edilib
Elm və təhsil
8 Sentyabr , 2015 20:55
Azərbaycan Tarix Muzeyinə Böyük Vətən Müharibəsi dövrünə aid eksponat təhvil verilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Milli Azərbaycan Tarixi Muzeyinə Böyük Vətən Müharibəsi dövrünə aid eksponat hədiyyə olunub. Bu baradə "Report"a Muzeyin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Taqanroq şəhərində (Rusiya Federasiyası) fəaliyyət göstərən "Azərbaycan Cəmiyyətinin" sədri Tacəddin İbrahimov Milli Azərbaycan Tarixi Muzeyinə Şimali Qafqazda gedən döyüşlərdə həlak olan sovet döyüşçüsünün polad kaskasını hədiyyə edib. Güllə ilə deşilmiş kaska 1942-ci ildə ağır döyüşlərin getdiyi Taqanroq ətrafında tapılıb.

Tacəddin İbrahimov kaska ilə birlikdə Muzeyə Sambek təpələrindəki "Şöhrət Memorialı"nın əks olunduğu fotoşəkil hədiyyə edib.

Xatırladaq ki, Taqanroq şəhərinin azad edilməsinə görə azərbaycanlılardan ibarət olan 416-cı atıcı diviziyası fəxri "Taqanroq" adını alıb. Şimali Qafqazın, o cümlədən, Taqanroqun faşistlərdən azad edilməsində minlərlə azərbaycanlı həyatlarını qurban verib. 1980-ci ildə Azərbaycan SSR-in o dövrdəki rəhbəri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və hərtərəfli dəstəyi ilə Sambek təpələrində Taqanroqu azad edib 416-cı Azərbaycan atıcı və 130-cu atıcı diviziyaların şərəfinə möhtəşəm abidə - "Şöhrət Memorialı" ucaldılıb.

Xatırladaq ki, Muzeyin "Azərbaycan II Dünya müharibəsi illərində" adlı sərgisi oktyabrın 5-dək işini davam etdirəcək. 

Son xəbərlər

Orphus sistemi