Azərbaycan Prezidenti Nehrəm kənd 2 saylı tam orta məktəbin açılışında iştirak edib

Azərbaycan Prezidenti Nehrəm kənd 2 saylı tam orta məktəbin açılışında iştirak edib Məktəbdə 990 şagird təhsil alır
Elm və təhsil
1 Dekabr , 2015 17:55
Azərbaycan Prezidenti Nehrəm kənd 2 saylı tam orta məktəbin açılışında iştirak edib

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Babək rayonu Nehrəm kənd 2 saylı tam orta məktəbin açılışında iştirak edib. "Report" xəbər verir ki, dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu sahə də dövlət siyasətinin mühüm prioritetləri sırasındadır. Ötən illərdə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub, həmçinin bu proses ən ucqar yaşayış məntəqələrini də əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb, bütün orta təhsil ocaqlarında kompyuter sinifləri yaradılıb, onlar internetə qoşulub. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına hərtərəfli dəstəyini əsirgəmir. Azərbaycan dövlətinin təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd – ölkədə bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulmasıdır. Həyata keçirilən kompleks proqramlar təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib. Belə təhsil ocaqlarından biri də Babək rayonunun Nehrəm kənd 2 saylı tam orta məktəbidir.

Dövlət başçısına məlumat verilib ki, Nehrəm kənd 2 saylı tam orta məktəbi muxtar respublikada tikilən və ya əsaslı şəkildə təmir olunan çoxsaylı təhsil müəssisələrindən biridir. Ümumi sahəsi 5165 kvadratmetr olan məktəbin binası dörd mərtəbəlidir. Burada 990 şagird təhsil alır. Onların ixtiyarına 42 sinif otağı, kimya, fizika və biologiya fənlərinin tədrisi üçün laboratoriyalar, hərbi kabinet verilib. Bundan başqa, məktəblilərin şahmatın sirlərinə yiyələnmələri üçün 2 xüsusi sinif ayrılıb. Kitabxana , müəllimlər otağı, idman zalı ən zəruri avadanlıqla təmin olunub. Məktəbdə 5 elektron lövhə quraşdırılıb, optik kabel ilə internet şəbəkəsinə qoşulub.

Qeyd olunub ki, muxtar respublikanın 221 məktəbi eyni vaxtda birbaşa Naxçıvan şəhərindəki Bayraq meydanı ilə canlı bağlantı yarada bilir, bu da telekörpü vasitəsilə müxtəlif mövzularda dərslərin keçirilməsinə imkan verir. Nehrəm kənd 2 saylı tam orta məktəbi də həmin sistemə qoşulub. Məktəb bütün lazımı infrastrukturla təchiz olunub.

Son xəbərlər

Orphus sistemi