Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti Gəncədə orta məktəbdə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub

    Ərazidə açıq idman meydançası yaradılıb, binanın həyətində geniş abadlıq və yaşıllıq işləri aparılıb
    © President.az

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

    "Report"un məlumatına görə, dövlət başçısına məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə bağlı məlumat verilib.

    Bildirilib ki, ümumi sahəsi 4,8 hektar olan məktəb 2140 şagird yerlikdir. Məktəbin 980 şagird yerlik birinci korpusu 1934-cü ildə, 1160 şagird yerlik ikinci korpusu isə 1974-cü ildə inşa edilib. Burada əsaslı təmir və yenidənqurma işlərinə 2015-ci ilin may ayında başlanılıb və 2017-ci ilin noyabrında tam başa çatdırılıb. Binanın hər iki korpusu 4 mərtəbədən ibarətdir. Burada 80 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, kitabxana, 200 yerlik akt zalı, idman zalı və 100 yerlik bufet var.

    Qeyd edilib ki, hazırda bu məktəbdə 1157 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 109 müəllim məşğul olur. Bu təhsil ocağı həmişə məzunları ilə fəxr edib. Diqqətə çatdırılıb ki, məktəbin məzunları arasında 4 elmlər doktoru, 36 elmlər namizədi var. Ali məktəblərə qəbulun nəticələrinə görə, son 3 ildə 160 məzun tələbə adı qazanıb.

    Məktəb müasir avadanlıqlarla, videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilib. Binaya yeni internet və telefon xətləri çəkilib. Məktəbin təbii qazla işləyən qazanxanası, transformator yarımstansiyası təmir edilib, su təminatı üçün 150 tonluq çən quraşdırılıb, yanğın əleyhinə 100 kubmetrlik anbar tikilib.

    Ərazidə açıq idman meydançası yaradılıb, binanın həyətində geniş abadlıq və yaşıllıq işləri aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi