“Azərbaycan multikulturalizmi” fənni İsveç, Misir, İsrail və Litva universitetlərində tədris ediləcək

“Azərbaycan multikulturalizmi” fənni İsveç, Misir, İsrail və Litva universitetlərində tədris ediləcək “Azərbaycan multikulturalizmi modelinin tədqiqi, təbliği və tədrisi sahəsində qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Elm və təhsil
10 Mart , 2017 19:49
“Azərbaycan multikulturalizmi” fənni İsveç, Misir, İsrail və Litva universitetlərində tədris ediləcək
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi

Bakı. 10 mart. REPORT.AZ/ Bakı Mühəndislər Universitetində (BMU) “İslam Həmrəyliyi İli” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və BMU-nun “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan multikulturalizmi modelinin tədqiqi, təbliği və tədrisi sahəsində qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.

Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbiri millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Seyfəl Həsənov açaraq bildirib ki, 2016-cı ildə “Multikulturalizm ili” ilə bağlı Tədbirlər Planına Azərbaycan multikulturalizmi modelinin ali məktəblərdə ayrıca fənn kimi tədris olunması ilə bağlı maddənin daxil edilməsi nəzərdə tutulurdu: “Bu maddə tam həcmdə həyata keçirilir və indi söhbət görülən işin səmərəsinin yüksəldilməsindən gedir. Bu müşavirənin təşkilində məqsəd də gördüyümüz və görəcəyimiz işlərin daha yüksək səmərəli nəticələnməsi, fəaliyyətimizin koordinasiyası, əlaqələrimizin gücləndirilməsi, apardığımız elmi araşdırmaların bilavasitə ail məktəb auditoriyalarına, dövri nəşrlərimizin səhifələrinə yol açmasının təmin edilməsidir. Multikulutralizmlə bağlı fənlərin tədrisi zamanı nəzərə alınmaldır ki, bunlar oturuşmuş, bir çox müddəalarının ehkamlaşmış olduğu fənlər deyil. Bu fənlər yanaşma müxtəlifliyini, mövqelərin müqayisəsini, diskussiyaları sevir". 

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov tədris prosesinin elmi-medoki təminatı ilə bağlı fikirlərini bölüşərək bildirib ki, tədris prosesində metodik vəsaitlərə, metodik tövsiyələrə, mövzu ilə bağlı nəşrlərə, Azərbaycanda müxtəlif etnik, dini, mədəni qrupların həyat tərzinə həsr olunmuş videomateriallara tələbat var. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşrləri bu sahədəki boşluğu doldurmağa xidmət edəcək. 

Bildiyiniz kimi, “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasindan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı artıq üç dildə-Azərbaycan, rus və ingilis dillərində işıq üzü görüb və tədrislə məşğul olan müəllimlərimizə çatdırılıb. Bu seriyadan digər nəşrlər də hazırlanmaqdadır. Azərbaycan Texniki Universitetinin dosenti Eyyub Kərimov “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisinə ayrılan mövzulara əlavə və dəyişikliklərin edilməsi təklifləri ilə çıxış edib.

Qeyd olunub ki, hazırda dünyanın 15 aparıcı ali təhsil müəssisəsində, eləcə də 40-dan çox Azərbaycan universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur və bu ildən İsveç, Misir, İsrail və Litva universitetlərində də bu fənnin tədrisinə başlanılacaq.

Müşavirədə Azərbaycan İqtisad Universiteti, Azərbaycan Aqrar Universiteti və Lənkəran Dövlət Universiteti təmsilçiləri “Azərbaycan multikulturalizmi” fənninin tədrisi ilə bağlı təqdimatlar ediblər. 

Son xəbərlər

Orphus sistemi