Yuxarı
    Bağlamaq

    Azərbaycan Milli Hökumətinin 28 yaşlı baş prokurorunun şəhid olmasının 70 illiyi yad edilib

    “Arazın o tayında” və “Hanı mənim övladım” adlı sənədli filmləri əsasında hazırlanan kino-jurnal təqdim olunub

    Bakı. 24 may. REPORT.AZ/ Azərbaycan Milli Hökumətinin baş prokuroru Firudin İbrahiminin şəhid olmasının 70 illiyinə həsr edilən toplantı keçirilib.

    “Report” xəbər verir ki, tədbir “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi tərəfindən təşkil edilib.

    Toplantını birliyin sədri Rəhim Hüseynzadə açıb. Bundan sonra “Arazın o tayında” və “Hanı mənim övladım” adlı sənədli filmləri əsasında hazırlanan kino-jurnal təqdim olunub.

    Yığıncaqda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan tarixi şöbəsinin müdiri Səməd Bayramzadə Firudin İbrahiminin yazdığı “Azərbaycanın qədim tarixindən” əsəri haqqında məlumat verib. Şöbənin aparıcı elmi işçisi Əkrəm Rəhimli 1945-46-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökumətinin baş prokurorunun ictimai, siyasi və elmi fəaliyyəti, həyatı haqında məlumat verib.

    Firudin İbrahimini görmüş, “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin üzvü, tibb elmləri namizədi Ədilə Çernikbulənd və başqaları çıxş edərək baş prokurorun Azərbaycan türklərinin milli haqlarının təmin olunması istiqamətində gördüyü işlərdən danışıblar.

    Qeyd edək ki, Firudin İbrahimi 28 yaşında Güney Azərbaycandakı türklərin milli haqlarının təmini yolunda və orada məskunlaşan başqa etnik qrupların hüququnun istibdaddan qorunması uğrunda şəhid olub.

    Firudin Qəni oğlu İbrahimi 1918-ci il noyabrın 21-də Cənubi Azərbaycanın Astara şəhərində doğulub. O, 1943-cü ildən İran Xalq Partiyasının (Tudə) üzvü olub. 1945-ci ildə Tehran Universitetinin hüquq fakültəsini bitirib. Tələbəlik illərində inqilabi hərəkata qoşulub. Təbriz şəhərində nəşr olunan İran Xalq Partiyasının orqanı olan "Xavəre-no" ("Yeni Şərq") qəzetinin redaktoru olub.

    1945-ci ilin oktyabr ayında Azərbaycan Demokratik Firqəsinin qurultayında Firudin İbrahimi Milli Məclisə nümayəndə seçilib. O, 1945-ci ilin dekabr ayının 12-də Azərbaycan Milli Hökumətinin baş prokuroru təyin olunub. Firudin İbrahimi 1946-ci ildə Paris Sülh Konfransında Azərbaycan adından iştirak edib.

    O, əksinqibalçı qüvvələrə qarşı mübarizə aparan "Babək" adlı könüllü dəstələrin təşkilatçılarından biri olub. "Ettelat", "Ajir", "Rəhbər", "Mərdom", "Zəfər", "Siyasət", "Azərbaycan" və s. qəzetlərdə Firudin İbrahimi dövrün çatışmazlıqlarını ifşa edən publisistik məqalələr yazıb.

    Xalq yazıçısı Mirzə İbrahimov "Gələcək gün" romanında və şairə Mədinə Gülgün "Firudin" poemasında Firudin İbrahiminin vətənpərvər, qəhrəman və gözəl insan obrazından bəhs ediblər.

    Firudin İbarahimi “Azərbaycanın qədim tarixindən” adlı əsərin də müəllifidir. Tədbirdə bu kitabın da təqdimatı olub. 

    ADF yaradıldıqdan iki gün sonra Təbrizdə Azərbaycan türkcəsində "Azərbaycan" qəzeti nəşrə başlayıb. Qəzetin ətrafına Həmzə Fəti Xoşginabi, İsmayıl Şəms, Firidun İbrahimi, Məhəmməd Biriya, Əli Fitrət, Yəhya Şeyda, Balaş Azər oğlu və s. gənc jurnalistlər, yazıçı və şairlər toplaşmışdı.

    1946-cı ilin dekabr ayında Cənubi Azərbaycanda Milli Hökumət qan içərisində boğulduqdan sonra F.İbrahimi həbs edilib. O, 1947-ci il mayın 22-də Təbriz şəhərinin "Gülüstan" bağı"nda dar ağacından asılıb. Əraziyə toplaşan insanlar etiraz edərək jandarmalara və şah qoşununa hücum etmək istəyib. Xalqın nahaq qanının töküləcəyindən ehtiyat edən F.İbrahimi əlini yuxarı qaldıraraq uca səslə deyib: "Mənim əzizlərim, həmvətənlilərim, səbr edin, qoy, qan tökülməsin! Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan xalqı! Yaşasın doğma ana vətənimiz Azərbaycan!" Bunu eşidən cəlladlar qorxularından F.İbrahimini dərhal edam ediblər.

    Firudin İbrahimi Təbrizdə Ağəli (sonradan adı dəyişdirilib, indi “İmamiyyə cənnəti” adlanır) qəbiristanlığında dəfn edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi