Azərbaycan-Fransız Universitetinin açılışı olub

Azərbaycan-Fransız Universitetinin açılışı olub Növbəti tədris ilində UFAZ tədrisi əsaslı təmir olunmuş yeni binada təşkil edəcək
Elm və təhsil
15 Sentyabr , 2016 11:49
Azərbaycan-Fransız Universitetinin açılışı olub

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransız-Azərbaycan Universitetinin (UFAZ) açılış mərasimi keçirilib.

"Report"un xəbərinə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez, UFAZ-ın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Fransız-Azərbaycan Universitetinin tələbələrini təbrik edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu universitetin yaradılması iki ölkənin ali təhsil sisteminin uğurlu layihəsidir: "Bu layihənin vaxtında və keyfiyyətlə gerçəkləşməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyini xüsusi qeyd etmək istəyirəm. UFAZ layihəsinin həyata keçirilməsi üçün hər iki ölkənin yüksək brendə və təhsilə malik olan universitetləri seçilib. İnanırıq ki, UFAZ yaxın gələcəkdə regionun sayılıb-seçilən məktəblərindən birinə çevriləcək. Növbəti illərdə UFAZ layihəsinin genişləndirilməsini, yeni ixtisasların açılacağını mümkün hesab edirik".

Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez qeyd edib ki, təhsil sahəsində bu tərəfdaşlıq unikal əməkdaşlıqdır və Azərbaycanla Fransa arasında mövcud münasibətlərin səviyyəsini göstərir: "Bu universitetin yaradılması ilə hər iki ölkə gözəl layihəyə başlayır. Bu layihə Azərbaycan və Fransa prezidentlərinin istəyi və razılığı nəticəsində ərsəyə gəlib. UFAZ universitetinin açılışı Azərbaycanda iqtisadi inkişafın və xarici investisiyanın cəlb olunmasına töhfə verəcək".

Səfir bildirib ki, UFAZ-da Fransadan gələn müəllimlər də öz biliklərini bölüşəcəklər: "Növbəti tədris ilində UFAZ tədrisi əsaslı təmir olunmuş yeni binada təşkil edəcək".

Fransa Təhsil Nazirliyinin Avropa və Beynəlxalq Əlaqələr və Əlaqələr və Əməkdaşlıq Nümayəndəliyinin rəhbəri Marian Brünhof deyib ki, bu layihənin ərsəyə gətirilməsi üçün 1,5 il ərzində işlər aparılıb. UFAZ-ın məzunları gələcəkdə Azərbaycanın sosial-iqtisadi həyatının əsas iştirakçısı olacaqlar.

Tədbirdə qeyd olunub ki, qəbul imtahanlarının nəticələrinə əsasən I qrup üzrə 500-dən artıq bal toplamış 300-ə yaxın abituriyentin qatıldığı imtahanın nəticələrinə görə 143 nəfər UFAZ-da oxumaq hüququ qazanıb. Onlardan 120 nəfəri dövlət sifarişi, 23 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar.

Daha sonra mərasim iştirakçıları UFAZ-la yaxından tanış olublar.

Qeyd edək ki, UFAZ bu tədris ilindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin binasında (ADNSU) Azərbaycanda ən çox tələbat olan 4 ixtisas üzrə təhsil verəcək. Bu ixtisaslar kimya, geofizika, neft-qaz mühəndisliyi və kompüter elmləridir. Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla, 4 il davam edəcək. UFAZ-nin məzunlarına ikili diplom (Strasburq Universiteti və ADNSU) veriləcək.

Son xəbərlər

Orphus sistemi