Azərbaycan ərazisinin geoloji quruluşunda olan problemlər açıqlanıb

Azərbaycan ərazisinin geoloji quruluşunda olan problemlər açıqlanıb Modellər işlənilərkən problemli məsələlərə aid bir sıra yeni məlumatlar və fərziyyələr nəzərə alınmayıb
Elm və təhsil
10 Dekabr , 2014 10:32
Azərbaycan ərazisinin geoloji quruluşunda olan problemlər açıqlanıb

Bakı. 10 dekabr. REPORT.AZ/ "Respublika ərazisi və Xəzərin Azərbaycan sektoru geoloji quruluşun mürəkkəbliyi, faydalı qazıntı ehtiyatlarının zənginliyi və geodinamik aktivliyi ilə fərqlənərək geoloqların diqqətini daim özünə cəlb edib. Bu ərazidə geoloji tədqiqatlar indiyə kimi də davam edir. Böyük həcmli məlumat bazası əsasında yer qabığının geoloji quruluşu və alp təkamülünə aid müxtəlif modellər hazırlanıb. Lakin bu da günün tələblərinə tam cavab vermir". Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, akademiyanın müxbir üzvü Tələt Kəngərli deyib.

Akademiyanın müxbir üzvü məsələni belə izah edib ki, modellər işlənilərkən yer qabığının dərin təbəqələrinin xüsusiyyətləri, müxtəlif təbiətli struktur zonaların daxili geoloji quruluşu, qarşılıqlı münasibətləri, quru və dənizdə izlənilən müxtəlif mənşəli geoloji törəmələr arasındakı məkan-zaman əlaqələri, digər problemli məsələlərə aid bir sıra yeni məlumatlar və fərziyyələr nəzərə alınmayıb, yaxud lazımi səviyyədə kompleks təhlil edilməyib.

Şöbə rəhbəri T. Kəngərli qeyd edib ki, respublika ərazisinin geoloji quruluşu və inkişafına aid mövcud təsəvvürlər, tətbiq edilən geoloji, tektonik və paleogeodinamik modellər yer qabığının xüsusiyyətlərini tam şəkildə əks etdirmir. Halbuki, respublikanın mövcud və gələcək sosial-iqtisadi inkişafını, eləcə də təhlükəsizliyini təmin edən faktorlar sırasında məhz geoloji mühitin xüsusiyyətləri barədə həqiqətə uyğun məlumat bazasının mövcudluğu mühüm yer tutur".

Onun sözlərinə görə, yer qabığının müasir strukturunu yaradan və hazırda davam edən tektonik, digər geoloji hadisələrin məkan, zaman və səbəb-nəticə əlaqələrinin tədqiqi qlobal kontekstdə, həmçinin konkret dağ-qırışıqlıq sistemlərində tətbiqdə geologiya elminin ən mühüm istiqamətlərindən biri olaraq qalır: "Bu baxımdan mövcud və yeni yaranan problem məsələlərin litosfer plitələrinin tektonikası konsepsiyası çərçivəsində həlli Azərbaycan ərazisinin və Xəzərin milli akvatoriyasının yer qabığının müasir quruluşunu, formalaşmasının ümumi və fərdi qanunauyğunluqlarını, faydalı qazıntıların yerləşməsini və həmçinin tektonik və seysmik proseslərin müasir aktivliyini izah etməyə imkan verir".

Məsələ ilə bağlı danışan T. Kəngərli fikirlərinə onu da əlavə edib ki, sosial mühitin və kapital qoyuluşlarının geoloji risklərdən qorunmasını təmin etmək üçün dövlət idarəetmə orqanları və digər maraqlı təsisatlar ilk növbədə üç vacib tətbiqi məsələnin həllində bəlli olan müəyyənsizliklərin minimallaşdırılmasına nail oluna bilər: "Respublikanın regionlarında şəhərsalma və iqtisadi inkişaf proqramlarının geoloji əsaslandırılması, təbii fəlakətlərlə, xüsusilə də zəlzələrlə bağlı fövqəladə hallarda əksüləməl tədbirlərə və idarəetməyə hazırlığın təmin edilməsi və orta, eləcə də uzunmüddətli perspektivdə filiz və karbohidrogen ehtiyatlarının artırlmasına yönələn geoloji kəşfiyyat işlərinin əsaslandırılması vacib məsələlər sırasında yer alır. Bununla da respublika ərazisi və Xəzərin milli sektorunun yerüstü və dərinlik quruluşu, alp təkamülü və müasir geodinamikasının mümkün qədər dürüst izahı, adıçəkilən və digər tətbiqi məsələlərin həllinə kömək edə bilər".

"Bu məqsədə nail olmaq üçün "Geotektonika və regional geologiya" şöbəsi tərəfindən 2012-2017-ci illər ərzində "Azərbaycan ərazisinin yer qabığının geoloji quruluşu və alp təkamülünün müasir modeli" mövzusunda məqsədli elmi-tədqiqat işlərinin həyata keçirilməsi təklif edilib və AMEA Geologiya və Geofizika İnstitutunun Elmi Şurası tərəfindən bəyənilib. Tematik işlərin birinci mərhələsində qarşıya qoyulan məqsədlər "GİS texnologiyalarının tətbiqi ilə Azərbaycan ərazisi yer qabığının müasir tektonik və geodinamik modellərinin işlənib hazırlanması" mövzusunda elmi-tədqiqat işi çərçivəsində 2012-2014-cü illər ərzində öz həllini tapıb" - deyə, AMEA-nın Geologiya və Geofizika İnstitutunun rəsmisi fikirlərinə əlavə edib.

Son xəbərlər

Orphus sistemi