Yuxarı
    Bağlamaq

    "Azərbaycan ədəbi dili tarixi" kitabı çap olunub

    Kitab monoqrafiya, elmi tədqiqat işidir

    Bakı. 14 mart. REPORT.AZ/ AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 4 cilddən ibarət "Azərbaycan ədəbi dili tarixi" kitabı çap olunub. Akademiya sistemində, xüsusilə Dilçilik İnstitutunun, dilçilik ədəbiyyatının tarixində çoxcildliklər bu əsərlə başlayır. Bu əsərdə Azərbaycan xalqının təxminən 8 əsrlik intellektual səviyyəsi əks olunub. Bunu "Report"a İnstitutun Dil tarixi və dialektologiya şöbəsinin professoru Sevil Mehdiyeva deyib.

    Onun sözlərinə görə, ədəbi dil və onun tarixi inkişafı xalqın tarixi inkişafı ilə qırılmaz tellərlə bağlı bir hadisədir: "Bu kitabda şairlərin üslubu, dili, onların navatorluğu, dillərinin zənginliyi, dilə hansı yeniliklər gətirmələri, xalq dilinə olan münasibətləri, xalq dilindən necə bəhrələnmələri və bu dildən götürülən nümunələrə ədəbi dil səlahiyyətini necə vermələri əks olunub. Əsər hər bir müəllimin, yazıçının stolüstü kitabı olmalıdır".

    Kitabın monoqrafiya, elmi tədqiqat işi olduğunu deyən Sevil Mehdiyeva bildirib ki, əsərin I cildində XIII-XVI əsr, II cildində XVII-XVIII əsr, III cildində XIX əsr, IV cildində isə XX əsrin əvvəlləri, hətta Cümhuriyyət dövründə işlənən yazılı ədəbi dili tədqiqata cəlb edilib: "Azərbaycan yazılı ədəbi dilinin inkişafı XI əsrdən götürülür. Buna səbəb də "Kitabi Dədə Qorqud" dastanının həmin dövrdə yazıya köçürülməsidir. Bu əsər bizim ilk laboratoriyamızdır".

    Professor qeyd edib ki, monoqrafiyada XIII-XX əsr aralığında yaşamış sənətkarların bədii yaradıcılığı, həmçinin əlyazma formasında olan bütün əsərlər, tərcümə əsərləri əks olunub: "Yazılı Azərbaycan ədəbi dili tarixən iki istiqamətdə inkişaf edib: Azərbaycan ədəbi dilinin şifahı qolu və Azərbaycan ədəbi dilinin yazılı qolu. Bununla əlaqəli olaraq Azərbaycan ədəbi dili tarixinin də iki növünü ayırmaq olar: Azərbaycan şifahi ədəbi dilinin tarixi və Azərbaycan yazılı ədəbi dilinin tarixi". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi