Yuxarı
    Bağlamaq

    “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı layihənin açılış mərasimi olub

    Avropa İttifaqının maliyyələşdirdiyi layihənin büdcəsi 1,2 milyon avrodur

    Bakı. 14 fevral. REPORT.AZ/ Bakıda Avropa İttifaqının “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin rəsmi açılış mərasimi olub.

    “Report”un məlumatına görə, tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxışında bildirib ki, layihənin əsas məqsədi DİM-in malik olduğu alətlərin və potensialın artırılması, fəaliyyətində səmərəliliyin yüksəldilməsi, vəzifələrin yeni təsnifat sisteminin yaradılması və bu sistemin dövlət qulluğuna qəbul, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və əməyin ödənilməsi sistemi ilə əlaqələndirilməsidir: "Layihə dövlət idarəetməsinin dəstəklənməsi, qabaqcıl təcrübə mübadiləsi, eləcə də milli qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur".

    Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, icrası iki iki il  davam edəcək layihənin büdcəsi 1,2 milyon avrodur: "Layihənin məqsədi Azərbaycanda Avropanın qabaqcıl təcrübəsinə uyğun peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə verməkdir".

    O, həmçinin qeyd edib ki, indiyə kimi Azərbaycanda 25 Tvinninq layihəsi uğurla icra olunub: "10 Tvinninq layihəsi icra olunur, daha 10-u isə danışıqlar mərhələsindədir".

    Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev deyib ki, bu, vacib layihədir: "2008-ci ildə biz bu layihələrlə Milli Məclisdə tanış olduqda təsəvvür etmirdik ki, bu qədər əhəmiyyətli olacaq. Avropa İttiqafında 8 ilə yaxındır ki, parlamentin işçi qrupu fəaliyyət göstərir".

    Qeyd edək ki, layihə dövlət idarəetməsinin dəstəklənməsi, qabaqcıl təcrübə mübadiləsi, eləcə də milli qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur. Layihənin tərəfdaşları Litvanın Dövlət Katibliyi və Azərbaycanın Dövlət İmtahan Mərkəzidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi