Yuxarı

“Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri elan olunub

İmtahanda iştirak edən 1 220 nəfər “qeyri-məqbul” qiymət alıb

Bakı. 2 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirib.

TQDK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, imtahanın nəticələri TQDK-nın internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla iş nömrəsini 77 27 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 8 109 abituriyentdən 411 nəfəri imtahana gəlməyib, imtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 2 abituriyentin imtahan nəticələri ləğv edilib.

İmtahanda iştirak edən 7 696 abituriyentdən 6 476 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.

Bu imtahanda “qeyri-məqbul” qiymət alanlar, həmçinin müxtəlif səbəblərdən imtahanda iştirak etməyən abituriyentlər 2016-cı il 12 iyunda keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi