Azərbaycan dilçiliyi tarixində yeni nəzəriyyə yaradılıb

Azərbaycan dilçiliyi tarixində yeni nəzəriyyə yaradılıb "Dilçiliklə bağlı nəzəriyyə demək olar yoxdur"
Elm və təhsil
6 Yanvar , 2015 17:03
Azərbaycan dilçiliyi tarixində yeni nəzəriyyə yaradılıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu dilçilik elmi ilə bağlı olan "Psixolinqvistik konneksiya nəzəriyyəsi" adlı yeni bir nəzəriyyə təqdim edib. Bu barədə "Report"a Dilçilik İnstitutunun Sosiolinqvistika və Dil siyasəti şöbəsinin müdiri, nəzəriyyənin müəllifi Mayıl Əsgərov məlumat verib.

Onun sözlərinə görə, bu nəzəriyyə əsasında dərketmə və təfəkkür proseslərinin reallaşması prinsipi, eləcə də sözün və nitqin yaranma və mənimsənilmə mexanizmi izah olunur: "Bu nəzəriyyəni dünya səviyyəli bir yenilik adlandırmaq olar. Nəzəriyyə əvvəlki nəzəriyyələrdən həm obyekti, həm predmeti, həm də gəldiyi nəticələr baxımından fərqlidir".

M.Əsgərov bildirib ki, azərbaycanlı alimlər tərəfindən kəşf olunan dilçiliklə bağlı nəzəriyyə demək olar yoxdur: "Bu nəzəriyyə vasitəsilə nitq necə yaranır, insan nitqi necə formalaşdırıb qarşısındakına çatdırır və yaxud da bir fikri deyəndə onu necə mənimsəyir, eşitdiyi informasiyanı necə başa düşür, başa düşülən ilə gerçəklik arasındakı əlaqə, real gerçəkliklə deyilən fikir arasındakı əlaqə kimi suallar ətraflı cavablandırılmağa çalışılıb".

Şöbə müdiri deyib ki, indiyədək bu fikri dünyada üç psixoloji məktəb açıqlamağa cəhd edib: "Biheviorizm, neobiheviorizm, nitq fəaliyyəti nəzəriyyəsi və nəhayət, dördüncüsü, bizim təklif etdiyimiz konneksiya nəzəriyyəsidir. Əvvəlki nəzəriyyələr nitqin yaranması və mənimsənilməsini araşdırmaqla məşğul idi. Bu nəzəriyyə isə sadəcə nitqin deyil, hər bir dil vahidinin, qrammatik strukturun, sintaqmın həm yaranma, həm də mənimsənilmə mexanizmini izah etməyə qadirdir. İstənilən söz, istənilən forma, istənilən söyləm necə yaranır və bu linqvopsixoloji baxımdan necə izah olunur?".

M.Əsgərov həmçinin qeyd edib ki, bu nəzəriyyənin tədbiqi konkret olaraq psixolinqvistika sahəsində, eləcə də dilçilik elmində yeni bir mərhələnin başlanğıcını qoyacaq: "Bu nəzəriyyədə təqdim olunan sxemlər istər nitqin, istərsə də sözün və digər dil vahidlərinin yaranma və mənimsənilmə prosesinin şərhi ilə bağlı bu günə qədər psixolinqvistikada mövcud olan bir sıra problemin həllinə imkan yaradacaq".

Son xəbərlər

Orphus sistemi