Azərbaycan Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyaya üzv olub

Azərbaycan Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyaya üzv olub Təhsil Nazirliyinin müraciətinə müsbət cavab verilib
Elm və təhsil
16 Dekabr , 2016 16:23
Azərbaycan Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyaya üzv olub

Bakı. 16 dekabr. REPORT.AZ/ Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyaya (ENQA) müşahidəçi üzv qoşulmaqla bağlı müraciətinə ENQA-nın Direktorlar Şurası müsbət rəy verib.

Nazirlikdən “Report”a verilən məlumata görə, Azərbaycan ali təhsil müəssisələrinin Avropa Ali Təhsil Məkanına inteqrasiya edilməsi və təhsilin keyfiyyətinin maraqlı tərəflərin, əmək bazarının müasir tələblərinə uyğunlaşdırılması Azərbaycan hökumətinin 2005-ci ildə qoşulduğu Bolonya bəyannaməsindən irəli gəlir.

Eyni zamanda, bu öhdəlik “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulub.

Avropanın aparıcı akkreditasiya qurumlarını birləşdirən ENQA-da təmsil olunmaq Azərbaycana Avropa ali təhsil məkanında təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müzakirələrdə yaxından iştiraka imkan verəcək. Bununla yanaşı, Avropa Ali Təhsil Məkanına daha da yaxınlaşmaq və keyfiyyətin təminatı üzrə Avropa standartları və qaydalarına (ESG) cavab verən akkreditasiya sistemini qurmağa şərait yaradacaq.

Qeyd edək ki, 2000-ci ildə yaradılan ENQA Bolonya prosesinə qoşulan və Avropa Ali Təhsil Məkanına üzv dövlətlərin təhsildə keyfiyyətin təminatına cavabdeh təşkilatlarının ən böyük şəbəkəsidir. ENQA-nın əsas missiyası Avropada ali təhsilin keyfiyyətinin təminatı sahəsində uğurlu təcrübələri yaymaqla əməkdaşlığı təşviq etməkdir.

Hazırda ENQA-da (http://www.enqa.eu/index.php/enqa-agencies/affilia... 27 ölkəni təmsil edən 49 akkreditasiya qurumu tam üzv və 31 ölkəni təmsil edən 53 akkreditasiya qurumu isə müşahidəçi üzv qismində iştirak edir.

Son xəbərlər

Orphus sistemi