Azərbaycan alimləri yeni sürtkü materialları hazırlayıb

Azərbaycan alimləri yeni sürtkü materialları hazırlayıb Materialların istismar müddətini uzadan kimyəvi maddələrin sintezi edilib
Elm və təhsil
16 Yanvar , 2015 20:53
Azərbaycan alimləri yeni sürtkü materialları hazırlayıb

Bakı. 16 yanvar. REPORT.AZ/ AMEA Aşqarlar Kimyası İnstitutunun alimləri bir sıra elmi nailiyyətlərə imza atıblar. Belə ki, institutun alimləri tərəfindən materialların keyfiyyət göstəricilərini yaxşılaşdıran və istismar müddətini uzadan kimyəvi maddələrin məqsədyönlü sintezinin optimal yolları işlənib hazırlanıb. "Report" xəbər verir ki, bu barədə institutun yaydığı məlumatda bildirilir.

İnstitutun direktoru, akademik Vaqif Fərzəliyevin sözlərinə görə, akilfenol, salisil turşusu, formaldehid və monoetanolaminin birgə kondensləşmə məhsulunun karbonatlaşmış kalsium duzu olan, motor yağlarının yuyucu-dispersləşdirici, korroziyaya və oksidləşməyə qarşı xassələrini yaxşılaşdıran çoxfunksiyalı aşqar (AKİ-172) sintez edilib: “Sintez edilən aşqar funksional xassələrinə görə mövcud əmtəə aşqarlarından üstündür və onun tətbiqi ilə hazırlanan M-10Г2 motor yağı bütün tələblərə cavab verir. "Shell" firmasının analoqu ilə eyni səviyyədədir”.

Akademik qeyd edib ki, digər mühüm elmi nəticə texnikanın normal və etibarlı işləməsini təmin edən yeni sürtkü materialları, yağlayıcı-soyuducu mayelər və ekoloji təmiz yanacaq kompozisiyalarının yaradılmasıdır: “Yüksək damcı-düşmə temperaturuna, kolloid stabilliyə və triboloji xassələrə malik, tərkibində nanoölçülü Cu, Ti və onların oksidləri olan yeni sürtkü işlənib hazırlanıb. Yaradılmış yeni sürtkü istismar xassələrinə görə Armatol-238, R-412 və Litol-24 sənaye sürtkülərindən xeyli üstündür”.

Son xəbərlər

Orphus sistemi