Yuxarı

​Azərbaycan məktəblərində icbari fənlərin sayı azaldıla bilər

Bu gün Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Təhsil Nazirliyindən Report-a verilən məlumata görə, konfransda Azərbaycan təhsil naziri Mikayıl Cabbarov, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları, qabaqcıl müəllimlər iştirak ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyevin hesabat məruzəsi dinlənilib.

Təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki nailiyyətlər və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb.

“Bilik Günü” münasibətilə təhsil işçilərini təbrik edən nazir bir sıra digər həlli vacib məsələləri, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb. O, 15 sentyabr - “Bilik günü”ndə ilk dərs saatının vətənpərvərlik mövzusunda ictimai xadimlərin, ziyalıların iştirakı ilə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Nazir yaxın illərdə Təhsil Nazirliyinin tabeliyində olan ümumtəhsil məktəblərinin son siniflərində pilot olaraq ixtisaslaşma imkanını verən və icbari fənlərin sayını azaldan tədris proqramlarının hazırlanmasının vacibliyini bildirib.

M.Cabbarov qeyd edib ki, təhsil sahəsində görülən ən mühüm işlərdən biri də Bakı şəhərinin ümumtəhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsinin keçirilməsidir. O, dərs bölgüsünün optimallaşdırılması, sınaq qiymətləndirilməsindən keçən müəllimlərin növbəti tədris ilindən əmək haqlarında dəyişiklik olması məsələlərinə toxunub. Nazir sınaq qiymətləndirilməsinin ölkənin bütün regionlarını əhatə edəcəyini qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi