Avstriyanın dünya şöhrətli alimi Peter Kopaçek: “Bakıda inkişafı görməmək mümkün deyil”

Avstriyanın dünya şöhrətli alimi Peter Kopaçek: “Bakıda inkişafı görməmək mümkün deyil” ”Mənim üçün yeni mühiti kəşf etmək maraqlıdır”
Elm və təhsil
23 May , 2016 14:04
Avstriyanın dünya şöhrətli alimi Peter Kopaçek: “Bakıda inkişafı görməmək mümkün deyil”

Bakı. 23 may. REPORT.AZ/ "Report" Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən Vyana Texnologiya Universitetinin Mühəndisliyin idarəedilməsi üzrə magistratura proqramının yaradıcısı və proqram direktoru, dünya şöhrətli professor Peter Kopaçek Alinin müsahibəsini təqdim edir.

Peter Kopaçek 1971-ci ildə idarəetmə üzrə doktorluq dərəcəsini fərqlənmə ilə alıb. 1986-1990-cı illərdə Avstriyanın Linz Universitetində Sistem mühəndisliyi və avtomatika üzrə professor vəzifəsində çalışıb. 1990-2008-ci illərdə Avstriya Texnologiya Universitetinin İdarəetmə Qurğuları və Robotika İnstitutunun rəhbəri, Avstriya Sistem Mühəndisliyi və Avtomatika Cəmiyyətinin prezidenti vəzifələrində çalışıb. 1985-ci ildən etibarən Beynəlxalq Mühasibatçılar Federasiyasının Avstriya bölməsinin və Avstriya Avtomatika və Robotika Cəmiyyətinin vitse-prezidenti və baş katibidir. Üç dəfə fəxri doktor adını alıb, Saksonia Elmlər Akademiyasının və Almaniya Texniki Elmlər Akademiyasının müxbir üzvü, Beynəlxalq Avtomatik idarəetmə Federasiyası, Beynəlxalq Robotika Federasiyası, Elektrik və Elektronika Mühəndisləri İnstitutunun üzvüdür. 2006-cı ildə Amerika Sənaye Robotikası Cəmiyyətinin “Engelberger mükafatını” alıb. 6 kitabın və 300-dən artıq elmi məqalənin müəllifidir.

O, Bakıya ilk dəfə 1978-ci ildə gəlib.

- Deməli, bu sizin Azərbaycana ikinci səfərinizdir. İlk səfərinizlə müqayisə etsəniz, ölkəmizdə, xüsusən Bakıda hansı dəyişiklikləri müşahidə edirsiniz?

- Həm ölkəniz, həm Bakı şəhəri bu illər ərzində olduqca çox dəyişib. İndi Bakı müasir Qərb şəhərinə bənzəyir. Mənim Bakı şəhərinin meriyasının gələcək fəaliyyətindən xəbərim yoxdur. Əgər onların niyyəti Bakını nəhəng biznes və turizm mərkəzinə çevirməkdirsə, bu, yaxşı niyyətdir. Bakıda inkişafı, dəyişikliyi görməmək mümkün deyil.

- İki günlük təlimlərdən sonra Bakı Ali Neft Məktəbi və tələbələr haqqında hansı fikirdəsiniz?

- Bakı Ali Neft Məktəbi yeni yaranmış tədris müəssisəsidir. Ali Məktəb olaraq yalnız 2011-ci ildə təsis olunub. Bu Ali Məktəbə orta məktəblərin ən savadlı tələbələrinin qəbul olunması məni çox təəccübləndirdi. Onlar çox hazırcavab və savadlıdırlar.

- Azərbaycana və xüsusilə BANM-ə yenə də gəlmək istərdinizmi?

- Birinci demək lazımdir ki, mən artıq yaşlı insanam, lakin əgər BANM rəhbərliyi məni dəvət etsə, mən yenə gələrəm. Mənim üçün yeni mühiti kəşf etmək maraqlıdır. Yeri gəlmişkən, mən dünya ölkələrinə tez-tez səfər edirəm.

Son xəbərlər

Orphus sistemi