Yuxarı

​Avstriyanın dünya şöhrətli alimi BANM-da təlimlərə başlayıb

Peter Kopaçek tələbələri üçün “Avtomatika sahəsində müasir istiqamətlər” və “Mexaniki idarəetmənin sonu” mövzusunda təqdimatlar keçirəcək

Bakı. 6 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Vyana Texnologiya Universitetinin Mühəndisliyin idarəedilməsi üzrə magistratura proqramının yaradıcısı və proqram direktoru, professor Peter Kopaçek Ali Məktəbin tələbələri üçün iki günlük təlimlərə başlayıb

Bu barədə “Report”a Ali Məktəbin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, professor Peter Kopaçek iki gün ərzində BANM-in tələbələri üçün “Avtomatika sahəsində müasir istiqamətlər” və “Mexaniki idarəetmənin sonu” mövzusunda təqdimatlar keçirəcək.

Qonağı salamlayan və BANM-də görməkdən məmnunluğunu ifadə edən rektor Elmar Qasımov ona Ali Məktəbin yaranma tarixi, fəaliyyət istiqamətləri, tədris proqramları haqqında geniş məlumat verib. Ali Məktəbin yeni kampusu haqqında, orada yaradılan zəngin maddi-texniki baza və geniş infrastruktur imkanları barədə danışıb. BANM-in beynəlxalq əlaqələrindən bəhs edən rektor Ali Məktəbin bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlığından söz açaraq tələbələrin bu ali təhsil müəssisələrinin professorları və beynəlxalq şirkətlərin mütəxəssisləri tərəfindən keçirilən mühazirələri böyük maraqla qarşıladığını vurğulayıb. Elmar Qasımov gələcəkdə BANM-də “ömürboyu təhsil” konsepsiyası çərçivəsində magistratura və doktorantura üzrə tədrisin həyata keçiriləcəyini qeyd edib.

Professor Peter Kopaçek təmsil etdiyi ali təhsil müəssisəsi haqqında danışaraq öz fəaliyyəti və iş təcrübəsi barədə məlumat verib. Proseslərin və sənayenin avtomatlaşdırılması, eləcə də robotikanın hazırda avtomatika sahəsində sürətlə inkişaf edən sahələr olduğunu bildirən professor təlimlər zamanı sənaye və mobil robotlar, o cümlədən humanoid robotlar haqqında təqdimatlarla çıxış edəcəyini deyib. O, proseslərin avtomatlaşdırılması, istehsalın avtomatlaşdırılması, robotlar, sosial aspektlər və etika istiqamətləri, o cümlədən mexaniki idarəetmənin sonu, tullantıların emalı, qiymətli metallar, təkrar istifadə üzrə bir sıra məsələlərə toxunacağını vurğulayıb. Peter Kopaçek BANM-in tələbələri üçün təqdim etdiyi mühazirələrin onlar üçün faydalı olacağına əminlik ifadə edib.

Qeyd edək ki, Peter Kopaçek 1971-ci ildə idarəetmə üzrə doktorluq dərəcəsini fərqlənmə ilə alıb. 1986-1990-cı illərdə Avstriyanın Linz Universitetində Sistem mühəndisliyi və avtomatika üzrə professor vəzifəsində çalışıb. 1990 – 2008-ci illərdə Avstriya Texnologiya Universitetinin İdarəetmə Qurğuları və Robotika İnstitutunun rəhbəri, Avstriya Sistem Mühəndisliyi və Avtomatika Cəmiyyətinin prezidenti vəzifələrində çalışıb. 1985-ci ildən etibarən Beynəlxalq Mühasibatçılar Federasiyasının Avstriya bölməsinin və Avstriya Avtomatika və Robotika Cəmiyyətinin vitse-prezidenti və baş katibidir. Üç dəfə fəxri doktor adını alıb, Saksonia Elmlər Akademiyasının və Almaniya Texniki Elmlər Akademiyasının müxbir üzvü, Beynəlxalq Mühasibatçılar Federasiyası, Beynəlxalq Robotika Federasiyası, Elektrik və Elektronika Mühəndisləri İnstitutunun üzvüdür. 2006-cı ildə Amerika Sənaye Robotikası Cəmiyyətinin “Engelberger”mükafatını alıb. 6 kitabın və 300-dən artıq elmi məqalənin müəllifidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi