Yuxarı

Avrasiya Universitetlər Birliyinin prezidenti Bakı Ali Neft Məktəbində olub

Elmar Qasımov: BANM Avrasiya Universitetlər Birliyinə üzv olan universitetlərlə əməkdaşlıq etməyə maraqlıdır

Bakı. 5 avqust. REPORT.AZ/ Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti, Türkiyənin İstanbul Aydın Universitetinin təsisçisi, professor Mustafa Aydının rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rektoru Elmar Qasımovla görüşüb. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Görüş zamanı BANM-in rektoru Elmar Qasımov məktəbin üç il ərzində əldə etdiyi nailiyyətləri, beynəlxalq əlaqələri və təhsil ocağında tədris prosesinin təşkili haqqında ətraflı məlumat verib. 

Rektor BANM-də dünya standartlarına cavab verən yüksəkixtisaslı ingilisdilli mütəxəssislər hazırlandığını qeyd edib: "Burada təhsil və təlim prosesində beynəlxalq standartların tətbiqinə xüsusi önəm verilir və tələbələr üçün istehsalat təcrübəsinin təşkilində müxtəlif beynəlxalq şirkətlərin rolu var. Ali məktəb Avrasiya Universitetlər Birliyinə üzv olan universitetlərlə müxtəlif istiqamətli layihələr çərçivəsində əməkdaşlıq etməyə maraqlıdır".

EURAS-ın prezidenti Mustafa Aydın rəhbərlik etdiyi universitetin 2008-ci ildə İstanbulda təsis edildiyini və Avropa, Asiya və Yaxın Şərq regionlarından olan 80-dən artıq universiteti özündə birləşdirdiyini qeyd edib. O, EURAS-ın həyata keçirdiyi layihələr, üzv universitetlər arasında mübadilə proqramları, birgə elmi tədqiqatlar, nəşrlər, professor-müəllim və tələbə heyətinin mübadiləsi, təqaüdlü proqramlar, yay təcrübəsi və məktəbləri haqqında ətraflı danışıb. Bundan başqa, M.Aydın EURAS-ın birləşdirdiyi universitetlər arasında işbirliyinin gücləndirilməsini və yeni layihələrin həyata keçirilməsinin nəzərdə tutduğunu bildirərək, BANM ilə də gələcəkdə bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Görüşün sonunda tərəflər arasında gələcək əməkdaşlıq imkanları və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi