Yuxarı

"Antikorrupsiya Yay Məktəbi"nin açılışı olub - FOTO

Yay məktəbinə 35 iştirakçı müsabiqə əsasında seçilib

Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycan Antikorrupsiya Akademiyasının (AZAKA) "Antikorrupsiya Yay Məktəbi"nin açılışı olub.
“Report”un xəbərinə görə, açılış mərasimində çıxış edən AZAKA-nın keçid qrupunun üzvü, Milli Məclisin deputatı Vüsal Hüseynov akademiyanın bir sıra istiqamətlərdə fəaliyyət göstərəcəyini deyib.
Onun sözlərinə görə, həmin fəaliyyət istiqamətlərindən biri də antikorrupsiya sahəsinə maraq göstərən şəxslər üçün "Yay məktəbi" formatında təşkil ediləcək məktəblər olacaq: “Burada korrupsiyanın bütün istiqamətləri üzrə məsələləri müzakirə edəcəyik, bununla hansı formada mübarizə aparılması ilə bağlı fikirlərimizi bölüşəcəyik. Vətəndaş olaraq biz bu prosesdə nə edə bilərik, hansı mübarizə metodları var, hansı təcrübələr var, onları iştirakçılara çatdıracağıq. Bu baxımdan bu, bizim ilk "Yay məktəbi"mizdir. Bu məktəbə kifayət qədər böyük maraq var. "Yay məktəbi"nə 35 iştirakçı müsabiqə əsasında seçilib. Bunlar ölkənin müxtəlif regionlarında işləyən gənclərdir. Ümid edirəm ki, bu təlim gözləntiləri doğruldacaq, bu sahadə müəyyən biliklərin əldə olunmasına şərait yaradacaq”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının üzvü Əli Hüseynli Azərbaycan Antikorrupsiya Akademiyasının "Yay məktəbi"nin indi təşkil olunmasının heç də təsadüfi olmadığını deyib.

O xatırladıb ki, bir müddət əvvəl Prezident İlham Əliyev yeni iqtisadi şəraitlə bağlı göstəriş və tapşırıqlar verilib: “Korrupsiyaya qarşı mübarizə hər zaman ölkəmizdə diqqət mərkəzində olub. Amma bu, elə bir problemdir ki, davamlı öyrənilmək və bu prosesə çox çevik yanaşma tələb edir. Bu baxımdan Antikorrupsiya Akademiyasının "Yay məktəbi"nin keçirməsi çox əhəmiyyətlidir. Ona görə əhəmiyyətlidir ki, bura Azərbaycanın müxtəlif regionlarından gənclər toplaşıb. Əmin ola bilərsiz ki, bu "Yay məktəbi"ndə öyrənə biləcəkləriniz bizim üçün vacibdir. Korrupsiya sahəsində elə məsələlər mövcud olur ki, onlara qarşı effektiv mübarizə üsulları cəmiyyətin tövsiyəsi nəticəsində formalaşır. Elə hallar ola bilər ki, Korrupsiyaya qarşı mübarizə üzrə komissiyası, korrupsiya ilə mübarizə sahəsində ixtisaslaşmış dövlət qurumları məhz cəmiyyətin dəstəyinə söykənmək istəyir. Bu baxımdan keçirilən "Yay məktəbi" çox əhəmiyyətlidir. Ümidvaram ki, "Yay məktəbi"ndə siz geniş ictimaiyyət üçün məlum olmayan, amma dövlət qurumlarının, xüsusən də Baş Prokurorluğun korrupsiya ilə bağlı aparılan mübarizəsi üzrə əhəmiyyətli məlumatlar əldə edəcəksiniz. Hamımız üçün aydın olan bir məsələ var ki, ölkəmizi, vətənimizi indikindən də daha güclü, daha inkişaf etmiş görmək istəyiriksə korrupsiyanın səviyyəsini minimuma endirməliyik və bunu çox arzulayırıq. Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının üzvü kimi sizi əmin etmək istəyirəm ki, bu, dövlətimizin indiki inkişaf mərhələsində qarşıya qoyduğu çox ciddi bir məsələlərdir”.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərov, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Elnur Musayev və “Konstitusiya Araşdırmalar Fondu” İctimai Birliyinin sədri Əliməmməd Nuriyev çıxış edərək "Yay məktəbi"nin əhəmiyyətindən danışıb, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat veriblər.

Sonra tədbir panel iclasları ilə davam edib. 

"Yay məktəbi" avqustun 28-də başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi