AMEA və “Thomson Reuters” təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA və “Thomson Reuters” təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb Yüzlərlə azərbaycanlı tədqiqatçı “Web of Science” bazasına qoşulmaq imkanı əldə edəcəklər
Elm və təhsil
11 Oktyabr , 2016 12:38
AMEA və “Thomson Reuters” təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə “Thomson Reuters” təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

"Report" xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Thomson Reuters” ilə əməkdaşlığı yüksək dəyərləndirib və bu müqavilənin Azərbaycanda elmin inkişafına, onun dünyada nüfuzunun artmasına səbəb olacağını və ayrı-ayrı tədqiqatçılar üçün yeni imkanlar açacağını bildirib.

“Thomson Reuters” təşkilatının Əqli Mülkiyyət və Elm Departamentinin inkişaf etməkdə olan bazarlar üzrə baş direktoru Viji Krişnan qeyd edib ki, təşkilatın nümayəndələri AMEA ilə əməkdaşlığını növbəti mərhələyə keçirməkdən məmnundur: "Müqaviləyə əsasən, yüzlərlə azərbaycanlı tədqiqatçı beynəlxalq bilik mərkəzləri ilə uğurlu əməkdaşlıq qurmaq və yerli imkanları maksimum inkişaf etdirmək üçün 20 milyon istifadəçisi olan nüfuzlu “Web of Science” bazasına qoşulmaq imkanı əldə edəcəklər". O, həmçinin əlavə edib ki, AMEA ilə əməkdaşlıq Azərbaycanla əlaqələrin tarixində çox mühüm mərhələdir.

Qeyd edək ki, müqaviləyə əsasən, AMEA-nın 40-dan çox elmi-tədqiqat müəssisəsi və orada çalışan çoxsaylı alim və mütəxəssis heyəti “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanı əldə edəcək.

“Web of Science” yüksək indeksli jurnalların, kitabların, konfrans materiallarının və digər nəşrlərin əhatəli toplusuna malik olan, dünyada elmi yeniliklər və təhlil üzrə qızıl standart kimi qəbul edilən biliklər bazasıdır. “Thomson Reuters Web of Science” platformasına 3 əsas - “Genişləndirilmiş Elmi İstinad İndeksi” (Science Citation İndex Expanded), “İctimai Elmlər İstinad İndeksi” (Social Sciences Citation İndex), “İncəsənət və Humanitar Elmlər İstinad İndeksi” (Arts and Humanities Citation İndex) kataloqu daxildir. Müvafiq elm sahələrini əhatə edən hər üç kataloq Azərbaycan istifadəçiləri üçün mühüm əhəmiyyət kəsb edir.

Müqavilə çərçivəsində “Thomson Reuters” təşkilatının mütəxəssisləri tərəfindən bu bazaya daxil olan jurnallarda məqalələrin dərc olunması qaydaları, elmi müəssisələrdə əldə olunan elmi yeniliklərin və alimlərin beynəlxalq aləmdə tanınması və s. bu kimi müxtəlif mövzularda mütəmadi olaraq seminar və treninqlər keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi