AMEA-nın şöbə müdiri: "Tofiq Hacıyevin ikinci ərizəsinə hələ baxılmayıb"

AMEA-nın şöbə müdiri: "Tofiq Hacıyevin ikinci ərizəsinə hələ baxılmayıb" Baba Yaşaroğlu: "Məsələ sentyabrda Rəyasət Heyətində müzakirə edilib qərar veriləcək"
Elm və təhsil
2 Sentyabr , 2015 14:57
AMEA-nın şöbə müdiri: Tofiq Hacıyevin ikinci ərizəsinə hələ baxılmayıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ "Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin işdən çıxmaqla bağlı ərizəsini geri götürmək üçün yazdığı ikinci ərizəyə hələ baxılmayıb. Çünki AMEA prezidenti Akif Əlizadə həmin vaxt məzuniyyətdə olub". Bunu "Report"a AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Baba Yaşaroğlu deyib.

O qeyd edib ki, akademik Tofiq Hacıyev rəsmi şəkildə Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsindən azad olunmayıb: "Professor Möhsün Nağısoylu Dilçilik İnstitunun direktoru deyil, müvəqqəti olaraq direktor vəzifələrini icra edir. AMEA-nın prezidenti Akif Əlizadə Tofiq Hacıyevin işdən çıxmaqla bağlı yazdığı ərizəyə baxıb. Sonra sərəncam ilə professor Möhsün Nağısoylunu direktor vəzifəsini icra edən təyin edib".

Şöbə müdirinin sözlərinə görə, Tofiq Hacıyevin işdən çıxmaqla bağlı yazdığı ərizəyə AMEA-nın Rəyasət Heyətinin baxıb rəsmi qərar verməsi gözlənilir: "AMEA-nın Rəyasət Heyəti hələki Tofiq müəllimin ərizəsinə baxıb qərar verməyib. Amma AMEA prezidentinin imzaladığı sərəncama uyğun olaraq institut direktoru vəzifəsini Möhsün Nağısoylu icra edir. Tofiq müəllimin özü də bildirmişdi ki, instituta aid möhürü və işləri Möhsün Nağısoyluya təhvil verib".

B.Yaşaroğlu deyib ki, məsələnin sentyabr ayında Rəyasət Heyətində müzakirə edilməsi gözlənilir: "Bu ayın ikinci və ya üçüncü ongünlüyündə Rəyasət Heyətinin iclasının keçirilməsi nəzərdə tutulur. Rəyasət Heyətinin toplantısında akademiklər, akademik katiblər iştirak edir. Onların nə qərar verəcəyi əvvəlcədən məlum olmur".

Vəkil Paşa Səfərov isə "Report"a bildirib ki, rəhbər vəzifədə işləyən şəxs məzuniyyətə çıxanda, uzunmüddətli ezamiyyətə gedəndə yerinə onun işini icra edən şəxs təyin edilir: "İşdən çıxma barədə ərizənin buna aidiyyəti yoxdur. Ərizə verən şəxsi işdən çıxartmadan sərəncam verib onun yerinə kimisə təyin etmək mümkün deyil".

Onun sözlərinə görə, işdən çıxmaq üçün müraciət edən şəxs ikinci ərizə yazaraq fikrini dəyişdiyini deyə və ərizəsini geri götürə bilər: "İkinci ərizə verilibsə bu birinci ərizəyə baxılmayacağı anlamına gəlmir. Amma birinci ərizə əsasdır, ikinci ərizəni qəbul etmək işə götürənin səlahiyyətindədir. Yəni ikinci ərizə təmin olunmaya da bilər".

Vəkil deyib ki, şəxs məzuniyyətdə olduğu halda onun ərizəsinə baxıla bilməz: "Həmin şəxs işə çıxdıqdan sonra onun ərizəsinə baxılmalıdır, yaxud da 6 ay müddətində şəxs işə çıxmadığı halda, xəstəliklə bağlı işə çıxmasa onun gəlməsini gözləmədən, istisna hal kimi onu işdən kənarlaşdırmaq olar".

P.Səfərov qeyd edib ki, işdən çıxmaq barədə ərizəyə baxılana qədər rəhbər şəxs işini icra edə bilər: "Onun vəzifəsini icra edən şəxs, o işə qayıtdığı günə qədər həmin səlahiyyətləri yerinə yetirə bilər. Şəxs işə çıxdıqdan sonra o bütün vəzifələrini özü icra etməyə başlayır".

Son xəbərlər

Orphus sistemi