AMEA Şərqşünaslıq İnstitutunda Əkrəm Rəhimlinin 85 illik yubileyi qeyd olunub

AMEA Şərqşünaslıq İnstitutunda Əkrəm Rəhimlinin 85 illik yubileyi qeyd olunub O, Güney Azərbaycanda ana dilində təhsil almış tək-tük adamlardandır
Elm və təhsil
22 Sentyabr , 2017 16:10
AMEA Şərqşünaslıq İnstitutunda Əkrəm Rəhimlinin 85 illik yubileyi qeyd olunub

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimlinin (Bije) anadan olmasının 85 illiyinə həsr olunan toplantı keçirilib.

“Report” xəbər verir ki, tədbiri İnstitutun rektoru, akademik Gövhər Baxşəliyeva açaraq alimin həyat və yaradıcılığına toxunub. 

Bundan sonra Əkrəm Rəhimlinin həyatına həsr edilən sənədli film nümayiş olunub.

İnstitutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə yubilyarın həyatı, yaradıcılığı barədə əhatəli məruzə edib. Azərbaycan Demokrat Firqəsinin sədri, “İranlı Mühacirlər Birliyi"nin sədri Rəhim Hüseynzadə, İnstitutun Cənubi Azərbaycan şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı və başqaları çıxış edərək Əkrəm Rəhimlinin həyatından, yaradıcılığından danışıblar.

Natiqlər 1945-46-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökuməti ilə araşdırma Əkrəm Rəhimlinin yaradıcılığının əsasını təşkil edib. O, Güney Azərbaycanda Azərbaycan türkcəsində təhsil almış tək-tək adamlardandır.

Tədbirin sonunda yubilyar çıxış edərək 50 milyonluq azərbaycanlının ən böyük arzularına çatmasını diləyib.

Qeyd edək, ata babası Güney Azərbaycandan olsa da, Əkrəm Rəhimli 1932-ci il sentyabrın 20-də Azərbaycanın Qazax rayonunda doğulub.

Sovet rejiminin zorakılığı onların ailəsindən də yan keçməyib. Əkrəm müəllim anadan olan il atasına yerli sovet orqanları tərəfindən "kulak" damğası vurulub. Atasının dükanı, "Qonaq evi" və ev əmlakı müsadirə olunub. Güney mənşəli olduğu üçün atası Rəhim 1938-ci ilin baharında başqa güneylilər kimi həbsə alınıb, bir müddət Gəncədə (o vaxt Kirovabad adlanırdı) zindanda saxlanıldıqdan sonra ailəliklə 1938-ci ilin aprelində Güney Azərbaycana deportasiya olunub.

Onun atası doğulduğu Mərənd şəhərinin Dizə kəndində babasından miras qalan evdə ailəsini yerləşdirdikdən sonra 1939-cu ilin payızında İrandakı rejim əleyhdarı olaraq həbs edilib. Əslində, Rəhim kişi savadsız, siyasətdən uzaq, sakit təbiətli, zəhmətkeş bir adam olub. Bir ilə qədər Mərənd polisinin müvəqqəti təcridxanasında saxlanılan Rəhim kişi buradakı zorakılığa və işgəncələrə dözməyib 1940-cı ilin payızında dünyasının dəyişir. 7-8 yaşında atasız qalan Əkrəm anası Saranın himayəsində yaşayır, babadan qalan bağı və əkin sahəsini hissə-hissə satan Sara xala övladlarını təhsildən ayırmır, onları cəmiyyətə, vətənə yararlı övlad kimi böyüdür.

Müttəfiq qoşunlarının İrana daxil olması, müstəbid Rza şahın ölkədən qaçması ölkədəki siyasi durumda müəyyən "yumuşaqlıq" yaradır. Bundan yararlanan xalq isə azadlıq hərəkatına başlayır. Təbiətcə mübariz olan Əkrəm müəllimin anası Sara ana da xalq hərəkatına qoşulur, sonradan oğlu İsmayılı da bu yola çəkir. Onların hər ikisi 1945-ci il "21 Azər" (12 dekabr) nehzətinin (inqilabın) fəal iştirakçısı olurlar. Xalq Azadlıq Ordusunda (Fədailər dəstəsi) fəaliyyətinə və igidliyinə görə İsmayıl Azərbaycan Milli Hökumətinin ali mükafatı - "21 Azər" medalı ilə təltif olunur.

Bunlar bir hekayə deyil. Əkrəm müəllimin ailəsi ilə birlikdə yaşadıqları gercək həyat hadisələridir. Alimimiz 9 il İranda yaşayır. Təhsil aldığı farsdilli məktəbdə 1946-cı ilin yanvarında Azərbaycan Milli Hökumətinin Maarif naziri Məhəmməd Biriyanın imzası ilə "bundan sonra Azərbaycan məktəblərində təhsil ancaq ana dilində ‒ Azərbaycanca keçirilsin" əmrin oxunuşunu indiyədək qəlbində xoş xatirə kimi yaşadığını bildirən Əkrəm müəllim Azərbaycan məktəblərində bütün tədris farsca aparılmaqla yanaşı, ana dilində danışmağın şagirdlərə məktəb müdiriyyətləri tərəfindən yasaq edildiyinin bildirdi.

Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsini bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.

“Güney Azərbaycan” (Ş.Tağıyeva, S.Bayramzadə ilə birlikdə), “Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946-cı illər)”, “Parçalanmış millətin harayı” “D.Cavid. “O günün həsrətilə...” kitabının tərtibçisi və redaktoru, “Seyid Cəfər Pişəvəri”, “Quzey və Güney Azərbaycan: enisiklopedik təqvim (S.Bayramzadə ilə birlikdə)”,

AMEA, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Cənubi Azərbaycan şöbəsinin müdiri işləyib. Ailəlidir üç övladı, nəvə və nəticələri var. 

Son xəbərlər

Orphus sistemi