Yuxarı
    Bağlamaq

    AMEA Rəyasət Heyətinin iclası keçirilib

    ​Muğamşünaslıq üzrə beynəlxalq konfransa hazırlıq məsələləri müzakirə olunub

    Bakı. 7 yanvar. REPORT.AZ/ Bu gün AMEA Rəyasət Heyətində muğamşünaslıq üzrə beynəlxalq konfransa hazırlıq məsələləri müzakirə olunub. "Report" xəbər verir ki, əvvəlcə Əlyazmalar İnstitutunun elmi işçisi, rəssam Fəxrəddin Əlinin Azərbaycan muğamlarına aid çəkdiyi rəsmlərə baxış keçirilib.

    AMEA prezidenti, akademik Akif Əlizadə rəsm əsərləri barədə fikirlərini bildirərək Azərbaycan muğamlarına aid çəkilmiş 80 rəsm əsərini yüksək dəyərləndirib. Akademik Akif Əlizadə bu əsərlərin yüksək poliqrafik üsulla kitab halında çap edilməsinin məqsədəuyğun olduğunu bildirib.

    AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli akademiyada keçiriləcək beynəlxalq muğam festivalına hazırlıq məsələləri barədə məlumat verib. O, tədbirin yüksək səviyyədə keçirilməsi məqsədilə qarşıda duran vəzifələrdən bəhs edərək, bu istiqamətdə görülən işlərin əhəmiyyətini vurğulayıb.

    Akademik nəşri nəzərdə tutulan “Azərbaycan muğamşünaslığı” adlı məqalələr toplusu və rəsm əsərlərini əhatə edəcək kitab-albomun bu ilin mart ayında Azərbaycanda keçiriləcək beynəlxalq muğam festivalının və elmi konfransın işinə dəyərli töhfə olacağını qeyd edib. Bundan başqa, beynəlxalq simpoziumla əlaqədar zəruri hazırlıq işlərinin də aparıldığını bildirib.

    AMEA Memarlıq və İncəsənət İnstitutunun Muğamşünaslıq şöbəsinin müdiri Sevil Fərhadova muğamşünaslıq məsələləri üzrə nəşri nəzərdə tutulan məqalələr toplusunun hazırlıq vəziyyəti barədə məlumat verərək, toplunun yaxın günlərdə hazırlanaraq rəhbərliyə təqdim olunacağını diqqətə çatdırıb.

    Tədbirin sonunda akademik İsa Həbibbəyli muğamşünaslıq konfransı ilə əlaqədar İşçi Qrupunun qarşısında duran vəzifələri nəzərə çatdırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi