AMEA: "Qobustanda 100-ə yaxın yeni arxeoloji abidə aşkar edilib"

AMEA: "Qobustanda 100-ə yaxın yeni arxeoloji abidə aşkar edilib" Arxeoloji abidələrin CPS koordinatları götürülüb, ərazidə layihə ölçü işləri aparılıb, fotoları çəkilib və abidələrin pasportu tərtib edilib
Elm və təhsil
15 Oktyabr , 2015 12:06
AMEA: Qobustanda 100-ə yaxın yeni arxeoloji abidə aşkar edilib

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Qobustan rayonunda 100-ə yaxın yeni arxeoloji abidə aşkar edilib". Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib.

Məlumata görə, aşkar olunan arxeoloji abidələrin CPS koordinatları götürülüb, ərazidə layihə ölçü işləri aparılıb, fotoları çəkilib və abidələrin pasportu tərtib edilib: "Kəşfiyyat xarakterli tədqiqat zamanı aşkar abidələrə kurqanlar, yaşayış yerləri, küp qəbirlər nekropolu, tarixi memarlıq abidələri və sığınacaq xarakterli mağara abidələri daxildir. Aşkar edilən abidələrin üzərindən yerüstü materiallar götürülüb. Bu materiallar abidələrin dövrünü müəyyən etmək üçün əsas göstəricilərdən olacaq".

İnstitutun Arxeologiyada informasiya texnologiyalarının tətbiqi sektorunda yaradılan xüsusi qrup ərazinin elektron xəritəsi hazırlayacaq. Aşkar olunan yeni abidələr həmin xəritədə öz əksini tapacaq. Hazırda Qobustan rayonunun arxeoloji elektron xəritəsinin hazırlanması üzərində işlər davam etdirilir.

Bundan başqa, sektor bu il Arxeologiya və Etnoqrafiya İnstitutu "Şamaxı-Ağsu" arxeoloji ekspedisiyası ilə birgə 2015-ci ilin iyul ayında Gülüstan qalasında arxeoloji araşdırmaları davam etdirib. Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeologiyada informasiya texnologiyalarının tətbiqi sektorunun rəhbəri Fuad Hüseynov, sektorun əməkdaşı Səbuhi Hüseynov, fotoqraf Elçin Həsənov bu ilin iyun ayında Gülüstan qalasında yeni aşkar edilən anbar hissəsində olub və bu anbarın rəqəmsal fotoqrammetriya vasitəsi ilə ölçülərini, GPS koordinatları götürülüb və 3 müstəvili modeli hazırlanıb. 

Son xəbərlər

Orphus sistemi