​AMEA prezidenti: "Elmi fəaliyyətin dəyərləndirilməsinin vahid meyar və prinsipləri hazırlanıb"

​AMEA prezidenti: "Elmi fəaliyyətin dəyərləndirilməsinin vahid meyar və prinsipləri hazırlanıb" "Azərbaycan elmində müşahidə edilən müsbət tendensiyalar nüfuzlu beynəlxalq informasiya bazalarında konkret rəqəmlərlə təsdiq olunub"
Elm və təhsil
29 Aprel , 2016 10:34
​AMEA prezidenti: Elmi fəaliyyətin dəyərləndirilməsinin vahid meyar və prinsipləri hazırlanıb

Bakı. 29 aprel. REPORT.AZ/ "Ölkədə elmi-tədqiqat müəssisələrinin sistemli təsnifatı, elmi və elmi-təşkilati fəaliyyətinin qiymətləndirilməsi Elmin İnkişafı üzrə Milli Strategiyada qarşıya qoyulan vacib vəzifələrdən biridir".

"Report"un xəbərinə görə, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə qurumun Ümumi yığıncağındakı məruzəsində bildirib.

Akademik Elmin inkişafı üzrə Milli Strategiyada öz əksini tapan Azərbaycan elminin gələcək hədəflərini nəzərdə tutan bir sıra mühüm istiqamətlər haqda danışaraq qeyd edib ki, AMEA-da elmi-analitik təhlillərin aparılması üçün müvafiq struktur dəyişikliyi edilib, bu sahədəki işin səmərəli təşkili nəticəsində elmi fəaliyyətin dəyərləndirilməsinin müasir dövrün standartlarına uyğun vahid meyar və prinsipləri işlənib hazırlanıb.

Elmin, təhsilin inteqrasiyası istiqamətində görülən işlərə də toxunan A.Əlizadə AMEA-da təhsilin inkişafı üçün qanunvericilikdə müvafiq dəyişikliklər edildiyini, bir sıra institutların nəzdində bəzi ali təhsil müəssisələrinin baza kafedralarının yaradıldığını, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumlarının imzalandığını vurğulayıb. 

O, eyni zamanda, Akademiyada magistratura təhsilinin yaradılmasının elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyət kimi dəyərləndirib: "İlk olaraq 9 ixtisas üzrə magistratura təhsili həyata keçirilib, növbəti təhsil ili üçün 63 nəfərin magistraturaya qəbulu gözlənilir".
Azərbaycan elmində müşahidə edilən müsbət tendensiyalar nüfuzlu beynəlxalq informasiya bazalarında konkret rəqəmlərlə təsdiq olunduğunu söyləyən AMEA prezidenti nüfuzlu SCOPUS elmi bazasının reytinq cədvəllərində son illər üzrə Azərbaycan elminin mövqeyinin xeyli yüksəldiyini qeyd edib: "Milli Strategiyada iki mühüm meyar əsas götürülüb. Bunlardan biri dünya elminin inkişafı tendensiyaları, digəri isə ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafından irəli gələn Azərbaycan elminin hədəfləridir".
Akademik gələcəkdə həyata keçiriləcək tədbirlərdən də danışıb: "Fundamental və tətbiqi tədqiqatların prioritetlərinin ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirmək, Azərbaycan alimlərinin qəbul olunan dövlət proqramlarının icrasında yaxından iştirakını təmin etmək, elmimizi beynəlxalq elmi tələblərə uyğunlaşdırmaq və digər məsələlər qarşıda duran əsas hədəflərdəndir. Əminəm ki, əvvəlki illərdə olduğu kimi, gələcəkdə də Azərbaycan alimləri dövlətin elmə olan diqqət və qayğısını, həmçinin potensialın müasir tələblər səviyyəsində səfərbər edilməsi nəticəsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklər".

Son xəbərlər

Orphus sistemi